21 sentyabr 2026 15:52
85

Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə üzv və müşahidəçi dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əməkdaşlıq platformasına çevrilib. Geniş coğrafi əhatə dairəsi, üzv dövlətlərin iqtisadi potensialı, enerji resursları və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutları TDT-nin beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artıran əsas amillərdəndir. Bu baxımdan TDT-nin fəaliyyətində təhlükəsizlik məsələlərinin də getdikcə daha çox önə çəkilməsi  diqqətdən kənarda qalmır.  Sentyabrın 17-də Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi təşkilat daxilində təhlükəsizlik sahəsində dialoqun institusional xarakter aldığını göstərən mühüm hadisələrdən biridir. Tədbirin iştirakçılarını qəbul edən Prezident İlham Əliyev bildirdi ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır.

Azərbaycanın TDT çərçivəsində fəaliyyəti təşkilatın siyasi və iqtisadi gündəliyinin müxtəlif istiqamətlərini əhatə edir. Bakı son dövrlərdə TDT-nin siyasi, humanitar və təhlükəsizlik gündəliyi üzrə mühüm görüşlərin keçirildiyi məkana çevrilib. Qısa müddət ərzində Bakıda həm TDT-yə üzv ölkələrin dini liderlərinin, həm də təhlükəsizlik üzrə rəhbər şəxslərinin bir araya gəlməsi təşkilat daxilində əməkdaşlığın yalnız bir istiqamətlə məhdudlaşmadığını nümayiş etdirir. Bu görüşlər siyasi dialoqdan  humanitar əməkdaşlığa və təhlükəsizlik məsələlərinə qədər geniş gündəliyin formalaşdığını təsdiqləyir. Azərbaycanın coğrafi mövqeyi  bu prosesdə xüsusi əhəmiyyət daşıyır.  TDT məkanının əsas üstünlüklərindən biri onun geniş coğrafi əhatəsidir. Prezident İlham Əliyev də sözügedən qəbulda qeyd etdi ki, biz çox geniş coğrafi məkanda yerləşirik: “Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.”

  Təşkilatın üzv ölkələri  Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi xətt üzərində yerləşir. Bu amil nəqliyyat, logistika, enerji, ticarət və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı türk dövlətləri arasında iqtisadi və nəqliyyat əlaqələrinin əhəmiyyətini daha da artırır. Xəzər üzərindən Mərkəzi Asiya ilə Azərbaycanı, daha sonra isə Cənubi Qafqaz və Avropa bazarlarını birləşdirən marşrutlar regional ticarət və logistika baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu prosesdəki rolu yalnız tranzit imkanlarla məhdudlaşmır. Ölkənin enerji infrastrukturu, liman və dəmir yolu imkanları, habelə digər nəqliyyat bağlantıları TDT məkanında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm baza yaradır. Müasir dövrdə enerji və nəqliyyat təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil. Qlobal təchizat zəncirlərinin dayanıqlılığı, enerji resurslarının təhlükəsiz daşınması və alternativ marşrutların mövcudluğu dövlətlərin ümumi təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib. Bu baxımdan TDT ölkələri arasında enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycan isə Xəzər regionunda enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm iştirakçılardan biridir. Belə əməkdaşlıq türk dövlətlərinin bir-birinin imkanlarından daha səmərəli istifadə etməsinə, ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq bazarlara çıxış imkanlarının artırılmasına şərait yaradır.
TDT-nin gündəliyində təhlükəsizlik məsələlərinin daha sistemli şəkildə müzakirə olunması təşkilatın fəaliyyətinin yeni istiqamətlərə genişləndiyini göstərir. Prezident İlham Əliyev qəbulda vurğuladı ki, TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir.

TDT-nin inkişafı türk dövlətləri arasında mövcud tarixi, mədəni və dil bağlarını müasir siyasi və iqtisadi əməkdaşlıq mexanizmləri ilə tamamlayır. Bu baxımdan təşkilatın perspektivi yalnız üzv ölkələr arasındakı münasibətlərlə deyil, onların qlobal iqtisadiyyat və beynəlxalq təhlükəsizlik sistemində oynaya biləcəyi rol ilə də bağlıdır. Azərbaycanın təşəbbüsləri və coğrafi mövqeyi isə bu əməkdaşlıq prosesində ölkəyə xüsusi imkanlar yaradır. Bakı həm Şərqlə Qərb arasında bağlantıların inkişafında, həm də Türk dünyası daxilində siyasi, iqtisadi və təhlükəsizlik dialoqunun gücləndirilməsində mühüm platforma kimi çıxış edir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçirir. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.

TDT-nin qarşısında siyasi dialoqun dərinləşdirilməsi, nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın artırılması kimi mühüm çağırışlar dayanır. Proseslərin ardıcıl inkişafı təşkilatın beynəlxalq gündəlikdəki rolunun daha da genişlənməsi üçün imkanlar yaradır. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu məqamları da diqqətə çatdırdı ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 il olan ölkələrdir. Əlbəttə, ölkələrimizin ərazisində qədim dövlətlər mövcud olub, xalqlarımız zəngin dövlətçilik tarixinə malikdirlər və biz haqlı olaraq bununla fəxr edirik. Lakin son dövrə gəldikdə, 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Təbii ki, bu da nəzərə almalı olduğumuz amildir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini,  problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Əlbəttə, qeyd etdiyim tezislər belə bunun üçün bütün imkanların mövcud olduğunu göstərir.

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi