21 sentyabr 2026 07:59
101

Almaniyada Xristian-Demokrat İttifaqı regional seçkilərdə ən pis nəticəsini göstərib

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDİ) Meklenburq-Ön Pomeraniya əyalətində İkinci dünya müharibəsindən bəri regional seçkilərdə ən aşağı nəticəsini göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" ekzit-pol nəticələrinə istinadla xəbər verib.

İlkin məlumatlara əsasən, XDİ təxminən 5,5% səs toplayır. Berlində isə partiya təxminən 20% nəticə ilə ikinci yerdə qərarlaşıb. Burada təxminən 24,5% səs toplayan Sol Partiyası öndədir.

Meklenburq-Ön Pomeraniyada "Almaniya üçün Alternativ" (AfD) cüzi fərqlə Almaniya Sosial-Demokrat Partiyasını (SDP) qabaqlayaraq liderlik edir.

Nəşrin qeyd etdiyi kimi, seçkilərin nəticələri Mertsə təzyiqi artırır. İki həftə əvvəl Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə AfD tarixi yüksək nəticə göstərib, XDİ isə 17,2% səs toplayaraq əvvəlki mandatlarının yarıdan çoxunu itirib.

XDİ-nin uğursuz nəticəsindən sonra Merts BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka planlaşdırılan səfərini ləğv edib və diqqətini partiya daxilindəki vəziyyətə yönəldib.