15 sentyabr 2026 17:27
113

Azərbaycan Dövlət Aqrar Universitetində 15 Sentyabr – Bilik Günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov professor-müəllim və tələbə kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor bildirib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi, onların elmi və peşəkar inkişafı üçün geniş imkanlar yaradılır.

Zəfər Qurbanov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ilkin və ikinci tur ixtisas seçimlərinin nəticələrinə əsasən, universitet üzrə 2 082 plan yerinin tam dolduğunu diqqətə çatdırıb. Rektor tələbələri yaradılan imkanlardan səmərəli istifadə etməyə, elmə və təhsilə məsuliyyətlə yanaşmağa çağıraraq, yeni tədris ilinin hər bir tələbə üçün uğurlu və məhsuldar olmasını arzulayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 15 Sentyabr – Bilik Günü münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib. Nazir Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi diqqət və qayğını qeyd edərək, kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin olunması, regionların inkişafı və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıdığını bildirib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda insan kapitalının inkişafı, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, elmi tədqiqat və innovasiyaların gücləndirilməsi istiqamətində mühüm vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Nazir Məcnun Məmmədov müasir aqrar sektorun texnologiya, süni intellekt, rəqəmsal idarəetmə, biotexnologiya və innovasiyalarla sıx bağlı olduğunu vurğulayıb. Gənclərin bu sahədə mühüm rol oynadığını qeyd edən nazir tələbələri bilik və bacarıqlarını inkişaf etdirməyə, yeni ideyalar irəli sürməyə, dünya təcrübəsini öyrənərək Azərbaycanın aqrar inkişafına töhfə verməyə çağırıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev təhsilin və gənclərin inkişafının əhəmiyyətini vurğulayıb. Tələbələri Bilik Günü münasibətilə təbrik edərək, onlara yeni tədris ilində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə gənclərin ölkənin inkişafında mühüm rol oynadığını qeyd edib. O, tələbələrə bilik və bacarıqlarını inkişaf etdirməyi, ictimai fəallıq göstərməyi tövsiyə edib.

Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov gənclərin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb. Tələbələrə təhsil həyatında uğurlar arzulayıb və qarşıya qoyduqları məqsədlərə nail olmalarını arzulayıb.

ADAU tələbəsi adını qazanan şəhid anası Maya Quliyeva və 573,8 balla universitet üzrə ən yüksək nəticə göstərərək “Kompüter mühəndisliyi” ixtisasına qəbul olan Nurlan Məmmədov çıxış ediblər. Onlar tələbə adını qazanmağın sevincini bölüşərək, yeni tədris ilində qarşıya qoyduqları məqsədlərdən danışıblar.

Tədbirin sonunda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.

Tədbir çərçivəsində nazir Məcnun Məmmədov ADAU-nun tələbəsi adını qazanan şəhid anası Maya Quliyeva ilə görüşüb. Görüş zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin və qəhrəmanlıqlarının daim ehtiramla yad ediləcəyi vurğulanıb. Nazir Maya Quliyevaya yeni tədris ilində uğurlar arzulayıb.

Daha sonra nazir Məcnun Məmmədov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ADAU ilə tərəfdaşlığı çərçivəsində universitetin tərkibində yaradılmış Azərbaycan İnnovasiya Mərkəzinin, eləcə də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yenidən qurularaq müasir texniki avadanlıqlarla təchiz edilmiş ADAU TV-nin studiyasının fəaliyyəti ilə tanış olub, ADAU TV-yə müsahibə verib.