10 sentyabr 2026 20:14
113

Tələbə düşərgəsində “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda görüş keçirilib

“Təhsil” İstirahət Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkil etdiyi tələbə düşərgəsi çərçivəsində “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin əsas məqsədi tələbələrin müasir texnologiyaların inkişafı, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal təhlükəsizlik, kibertəhdidlər və informasiya mühitində mövcud risklər barədə məlumatlılığın artırılması olub.

ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tələbə düşərgəsi çərçivəsində süni intellekt və kibertəhlükəsizlik kimi aktual mövzuların müzakirəsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı yeni imkanlarla yanaşı, kibertəhlükəsizlik sahəsində də ciddi risk və çağırışlar yaradır.

Tədbirdə ehtiyatda olan polkovnik, hərbi ekspert, “Azərbaycan Bayrağı” ordenli Şair Ramaldanov “Süni intellekt çağında hibrid müharibə – gənclər nə bilməlidir?” mövzusunda məruzə ilə çıxış edib.

Şair Ramaldanov məruzəsində müasir müharibələrin yalnız döyüş meydanında deyil, informasiya məkanında, kiberməkanda və rəqəmsal platformalarda da aparıldığını bildirib. O, süni intellekt texnologiyalarının hibrid müharibə, informasiya əməliyyatları və kibertəhlükəsizlik sahələrində yaratdığı yeni imkan və risklərdən danışıb.

Hərbi ekspert xüsusilə gənclərin informasiya mühitində baş verən prosesləri düzgün qiymətləndirməsinin, saxta və manipulyativ məlumatları etibarlı informasiyadan ayırmaq bacarığının vacibliyini vurğulayıb. Bildirib ki, süni intellektin inkişafı ilə saxta görüntülərin, səs yazılarının və mətnlərin yaradılması daha da asanlaşıb. Bu texnologiyalardan ictimai rəyə təsir göstərmək, dezinformasiya yaymaq və insanları manipulyasiya etmək məqsədilə istifadə oluna bilər.

Şair Ramaldanov gəncləri sosial şəbəkələrdə yayılan məlumatların mənbəyini yoxlamağa, onların etibarlılığını qiymətləndirməyə, eləcə də şəxsi məlumatların və rəqəmsal hesabların təhlükəsizliyinə xüsusi diqqət yetirməyə çağırıb.

Məruzədən sonra tələbələrin iştirakı ilə mövzu ətrafında geniş müzakirə aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.