01 sentyabr 2026 09:51
94

Azərbaycan ŞƏT ölkələri ilə Avrasiya regionunun digər hissələri arasında güclü bir körpü olmaq potensialına malikdir

Azərbaycanın coğrafi mövqeyi regional əlaqə üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkə müxtəlif nəqliyyat marşrutları arasında vacib bir əlaqədir və Asiyanı Avropa ilə birləşdirən müasir infrastrukturu fəal şəkildə inkişaf etdirir. Bu təcrübə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üçün, xüsusən də nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsində çox dəyərli ola bilər.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında beynəlxalq münasibətlər üzrə tanınmış pakistanlı ekspert Xalid Taymur Akram bildirib. Enerji sahəsinin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığa əhəmiyyətli töhfə verə biləcəyi digər vacib istiqamət olduğunu bildirən ekspert əlavə edib ki, Azərbaycanın enerji əməkdaşlığı və etibarlı enerji infrastrukturu, beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsindəki geniş təcrübəsi ŞƏT ölkələri ilə enerji sektorunda əməkdaşlıq üçün əlavə imkanlar yarada bilər.

“Azərbaycan ŞƏT-ə ayrı-ayrı dövlətlərlə güclü münasibətləri vasitəsilə də töhfə verə bilər. Azərbaycan təşkilatın bir çox ölkəsi ilə konstruktiv siyasi və iqtisadi tərəfdaşlıq qurub. Bu yaxın münasibətlər Azərbaycan və ŞƏT icması arasında daha geniş dialoqun, ticarətin, investisiyaların və əməkdaşlığın təşviqinə kömək edə bilər”, - deyə Xalid Taymur Akram diqqətə çatdırıb.

Azərbaycanın ŞƏT-ə nəqliyyat bağlantısı, enerji əməkdaşlığı, ticarət və investisiya, logistika, rəqəmsal bağlantı, mədəniyyət, turizm və insanlararası münasibətlər də daxil olmaqla, bir çox sahədə xüsusi dəyər verə biləcəyini vurğulayan pakistanlı ekspert deyib ki, Azərbaycanın müxtəlif bölgələri birləşdirmək və tərəfdaşlıq qurmaq təcrübəsi ŞƏT-in Avrasiya boyunca əməkdaşlığı gücləndirmək səylərini daha geniş formada dəstəkləyə bilər. Eyni zamanda, ŞƏT ilə daha dərin əlaqələr Azərbaycanın təşkilat ölkələri ilə əməkdaşlığını genişləndirmək üçün yeni imkanlar aça bilər.

“Ümumiyyətlə, Azərbaycan ŞƏT ölkələri ilə Avrasiya regionunun digər hissələri arasında güclü bir körpü olmaq potensialına malikdir. İnanıram ki, Azərbaycanın ŞƏT ilə artan əlaqəsi həm Azərbaycana, həm də bütövlükdə təşkilata fayda verəcək. Bu, daha əlaqəli, çiçəklənən və sıx əməkdaşlıq edən Avrasiya regionuna töhfə verə bilər”, - deyə Xalid Taymur Akram bildirib.