01 sentyabr 2026 08:55
110

“Zaman gələr, zaman gəlməz” kitabının təqdimatı keçirilib

Əməkdar həkim Cabir Məmmədovun mənalı həyat yoluna həsr olunmuş kitab oxuculara təqdim edilib

Avqustun 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Əməkdar həkim Cabir Məmmədovun mənalı həyat yoluna həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Tərəqqi” medallı Cabir Məmmədovun həyat və fəaliyyətindən bəhs edən “Əməkdar həkim” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev ötən il dünyasını dəyişmiş Cabir Məmmədovun həyat və fəaliyyətindən söz açıb. O, ömrünü neçə-neçə xəstənin ömrünə calayan, bir baxışla diaqnoz qoyan, bir toxunuşla ümid verən, hətta zamanın dayandığı məqamlarda belə ürəkləri yenidən döyündürməyi bacaran Cabir doktoru həkimlik peşəsinin ləyaqətli nümayəndələrindən biri kimi xarakterizə edib. Professor Yusif Alıyev qeyd edib ki, şair Ramiz Qusarçaylının və yazıçı-publisist Qvami Məhəbbətoğlunun ərsəyə gətirdikləri “Zaman gələr, zaman gəlməz” kitabı Cabir doktorun əziz xatirəsinə layiqli töhfədir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov, Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azər Zeynalov, xəstəxananın kardioloqu Nazim Şəfiyev, Cabir doktorun tələbə yoldaşı, tibb üzrə fəlsəfə doktoru, həkim Rafiq Kərimov, Əməkdar artist Ağalar Bayramov, tənqidçi Əsəd Cahangir və digər çıxışçılar kitab barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Cabir Məmmədovun həkim kimi peşəkarlığı, insanlara göstərdiyi diqqət və qayğı, uzun illər ərzində qazandığı hörmət və nüfuz xüsusi vurğulanıb. Qeyd olunub ki, onun mənalı ömür yolu və zəngin həkimlik fəaliyyəti bu kitabda dolğun şəkildə əksini tapıb.

Tədbirin sonunda Cabir doktorun oğlu Rəşad Cabirli çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama və onun fəaliyyətinə verilən yüksək qiymətə görə tədbirin təşkilatçılarına, həmçinin kitabın müəlliflərinə minnətdarlığını bildirib.

Əməkdar jurnalist Qəhrəman Qasımov