Ekvadordan İslandiyaya 32 canlı dəniz iquanasını aparmağa cəhd edən Rusiya vətəndaşı qadın vəhşi təbiət növlərinin qanunsuz dövriyyəsində şübhəli bilinərək Ekvador məhkəməsinin hakimi tərəfindən ilkin həbs qətimkan tədbiri ilə həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ekvador prokurorluğu məlumat yayıb.
Prokurorluq iquanaların Ekvadorun mühafizə olunan vəhşi təbiətinə aid olduğunu bildirib.
Qadın ölkə sahillərindən təxminən 1000 kilometr məsafədə yerləşən və dünyada unikal fauna və floraya ev sahibliyi edən Ekvadorun Qalapaqos arxipelaqına xas olan "Amblyrhynchus cristatus" növünə aid kiçik sürünənləri baqajında daşıyıb. Adını burada yaşayan nəhəng tısbağalardan alan Qalapaqosda iquanaların dörd növünə rast gəlinir: üç quru növü (onlardan biri çəhrayı rəngdədir) və bir dəniz növü.
"Hakim vəhşi flora və faunaya qarşı törədildiyi ehtimal olunan cinayətlə bağlı ittiham irəli sürülən Olqa K.-nın ilkin həbs qətimkan tədbiri ilə həbs edilməsinə qərar verib", – deyə prokurorluq "X" sosial şəbəkəsində bildirib və iş üzrə məhkəmə iclasının sentyabrın 18-də keçiriləcəyini qeyd edib. Qadını üç ilədək həbs cəzası gözləyir.
Polis bildirib ki, İslandiyaya gedən Rusiya vətəndaşı cümə günü Kito hava limanında saxlanılıb. Burada əməkdaşlar iquanaları səkkiz plastik qutuda bir-birinin üzərinə yığılmış vəziyyətdə aşkar ediblər. Ətraf Mühit Nazirliyi yaydığı açıqlamada heyvanların "zəifləmiş və susuzlamış vəziyyətdə" aşkar edildiyini bildirib.