28 avqust 2026 15:39
92

NDU-da bakalavriat üzrə qəbul göstəriciləri rekord həddə çatıb

Naxçıvan Dövlət Universitetində bakalavriat təhsil pilləsi üzrə tələbə qəbulunda son illərdə davamlı artım müşahidə olunur.

2020–2021-ci tədris ilində bakalavriat səviyyəsinə 1241 tələbə qəbul olunduğu halda, bu göstərici 2026–2027-ci il tədris ilində 2096 nəfərə çatıb.

Universitetin əsas hədəflərindən biri 2030-cu ilədək tələbə sayını 20 min nəfərə çatdırmaqdır. Qəbul sayındakı artım əsasən əmək bazarının tələbləri nəzərə alınmaqla yeni ixtisasların açılması, tədris dillərinin şaxələndirilməsi və əcnəbi tələbələrin NDU-ya marağının artması hesabına mümkün olub.

Son 5 ildə bakalavriat səviyyəsində 39 yeni ixtisas və təhsil proqramı açılıb. Yeni istiqamətlər sırasında “İnformasiya təhlükəsizliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Regionşünaslıq (Avropa üzrə)”, “Dövlət və ictimai münasibətlər”, “Psixologiya”, “Hərbi tibb”, “Tibb bacısı işi”, “Marketinq”, “Beynəlxalq ticarət və logistika”, “Maliyyə”, “Kimya”, “Coğrafiya”, “Fəlsəfə”, “Riyaziyyat”, “Yer quruluşu və daşınmaz əmlakın kadastrı”, “Bitki mühafizəsi”, “Kimya mühəndisliyi”, “Xüsusi pedaqogika”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil” və “Təhsildə sosial-psixoloji xidmət” kimi ixtisaslar yer alır.

Bununla yanaşı, universitetdə tədris dillərinin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılıb. “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “Beynəlxalq münasibətlər”, “Tibb”, “İqtisadiyyat”, “Hüquqşünaslıq”, “Riyaziyyat müəllimliyi” və “Turizm işinin təşkili” ixtisasları ingilis dilində, “İnformasiya texnologiyaları” ixtisası isə türk dilində tədris olunur.

Həmçinin “İqtisadiyyat” və “Kompüter mühəndisliyi” üzrə ikili diplom proqramları, “SABAH (Tibb)” və “SABAH (Tibb – ingilis dilində)” proqramlarının tətbiqi NDU-da təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.

Yeni ixtisasların yaradılması, tədris dillərinin genişləndirilməsi, ikili diplom və SABAH proqramlarının tətbiqi, eləcə də əcnəbi tələbələrin universitetə marağının artması NDU-da tələbə kontingentinin yüksəlməsinə təsir edən əsas amillərdəndir.

Badəm Əliyeva,
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi