“Meta” ABŞ-da bir sıra ştatlarla əldə etdiyi razılaşma çərçivəsində yeniyetmələrin “Facebook” və “Instagram”dan istifadəsinə yeni məhdudiyyətlər tətbiq etməyə razılaşıb.
Razılaşmaya əsasən, 13-17 yaş arası istifadəçilərin platformalardan gündəlik istifadəsi iki saatla məhdudlaşdırılacaq. Həmçinin gecə yarısından səhər saat 06:00-dək valideyn icazəsi olmadan platformalara girişə qadağa qoyulacaq. Məktəb saatlarında isə yeniyetmələrə göndərilən ani bildirişlərin əksəriyyəti deaktiv ediləcək.

Razılaşma çərçivəsində “Meta” növbəti 10 il ərzində 13-17 yaşlı istifadəçilərin “Facebook” və “Instagram”dan gündə maksimum iki saat istifadə etməsini təmin etməlidir. Bundan başqa, gecə saat 00:00-dan səhər 06:00-dək valideynin razılığı olmadan platformalara giriş mümkün olmayacaq. Səhər saat 08:00-dan 15:00-dək, yəni məktəb saatlarında isə yeniyetmələrə göndərilən bildirişlərin əksəriyyəti məhdudlaşdırılacaq.
Yaş məhdudiyyəti olan məzmunlara girişin qarşısının alınması üçün də əlavə tədbirlər görüləcəyi qeyd olunub. Kolorado ştatının baş prokuroru Fil Vayzer bildirib ki, razılaşmanın əsas məqsədi uşaqların qorunmasıdır. Onun sözlərinə görə, əldə edilən nəticələr məhkəmənin tətbiq edə biləcəyi tədbirlərdən daha genişdir. Bununla belə, razılaşma “Meta”nı yeniyetmələrə fərdiləşdirilmiş məzmun tövsiyələrindən və hədəfli reklamlardan imtina etməyə məcbur etmir. Şirkətin araşdırmaçıları tərəfindən problemli hesab edilən bəzi məzmunlara, o cümlədən istifadəçilərdə bədən görünüşü ilə bağlı narahatlıq yarada bilən paylaşımlara qarşı da birbaşa qadağa tətbiq olunmayacaq. Qeyd edək ki, “Meta” razılaşmanı qəbul edərkən hər hansı qanun pozuntusuna yol verdiyini etiraf etməyib.
Razılaşma ABŞ-da “Meta”ya qarşı istehlakçıların müdafiəsi və məxfilik qanunlarının pozulması ilə bağlı irəli sürülən iddialar fonunda əldə edilib. Şirkətin ödəməli olduğu məbləğin təxminən 16,7 milyard dollar olduğu bildirilir. Bu rəqəm “Meta”nın təxminən üç-dörd aylıq mənfəətinə və bir aylıq gəlirinə bərabərdir. Razılaşmanın sosial media şirkətlərinə qarşı açılmış digər məhkəmə işləri üçün də nümunə təşkil edə biləcəyi qeyd olunur.
Cənubi Koreyanın Media və Kommunikasiya Komissiyası “Meta”nın yeniyetmələri platformalardan həddindən artıq istifadəyə təşviq edə biləcək xüsusiyyətlərdən qorumaq üçün təklif etdiyi tədbirlərin dünya üzrə tətbiq edilməsinin məqsədəuyğun olduğunu bildirib. Komissiyanın fikrincə, sosial media şirkətləri uşaqların və yeniyetmələrin müdafiəsi ilə bağlı daha böyük məsuliyyət daşımalıdır. Cənubi Koreyada hazırda parlamentin gündəliyində bu istiqamətdə yeddi qanun layihəsinin olduğu açıqlanıb. Ölkədə 14 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması və 14-19 yaş arası istifadəçilər üçün alqoritmlərin fəaliyyətinin məhdudlaşdırılması kimi tədbirlər də müzakirə olunur. Komissiya alqoritmlər əsasında məzmun tövsiyələrinin, bəyənmə kimi qarşılıqlı əlaqə göstəricilərinin nümayişinin və istifadəçiləri platformaya geri qaytaran ani bildirişlərin yeniyetmələr üçün qlobal səviyyədə məhdudlaşdırılmasının faydalı ola biləcəyini vurğulayıb.
“Meta” ilə əldə olunan razılaşma uşaqların zərərli onlayn məzmundan qorunması istiqamətində sosial media platformalarına qarşı artan təzyiqin yeni mərhələyə keçdiyini göstərir. Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsinə qoyulan məhdudiyyət də bu istiqamətdə atılan digər mühüm addımlardan biridir.
Şahnigar Əhmədova, “İki sahil”