44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra imzalanan sənədlərin hər biri bu günümüzə və gələcəyimizə çağırışdır. Onlar arasında Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamını xüsusi qeyd etmək istərdik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı imzalanan bu sənəd tarixi Zəfərimizin əbədiləşdirilməsinə, 44 günlük Vətən müharibəsinin reallıqlarının indiki və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Artıq 6 ilə yaxındır ki, böyük qürur və sevinc hissi ilə torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edirik. Amma bununla bərabər 30 illik işğal dövrünün reallıqlarını, torpaqlarımızın işğal tarixlərini, xalqımıza qarşı törədilən faciələri unutmur, onları hər zaman yada salmaqla tariximizin hər bir səhifəsinin təbliğinin əsas çağırışlardan olduğunu təsdiqləyirik. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanırdı. O dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətə can atır, hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atırdılar. Bir tərəfdən erməni işğalçıları, digər tərəfdən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğala məruz qaldı. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir fəlakət idi. Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşündə “Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi,- ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz,- eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir: “Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq.”
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olmuşdu. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən 6 ilə yaxın müddətdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası hər birimizdə böyük qürur hissi yaradır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə başlanan ilk səfəri bugünkü reallıqların əsası oldu. Davamlı səfərlərin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Ən əsası yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-köklərinə və doğma torpaqlarına bağlıdır. Laçın şəhəri ilə yanaşı Sus, Zabux, Bəylik kəndləri də mərhələ-mərhələ sakinlərinə qovuşur. Soydaşlarımızın köç etdiyi ünvanların sayı günbəgün artır. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin 27 may tarixində Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşdü. Həmin görüşdə “Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhəri” söyləyən Prezident İlham Əliyev böyük qürur hissi ilə onu da əlavə etdi ki, indi bizim gözəl tarixlərimiz, bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur: “23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da bizim böyük Zəfər günümüzdür”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçın rayonuna da hər bir səfəri kəndlərin bərpası, sakinlərinə qovuşması ilə diqqətdə olur. İrimiqyaslı infrastruktur layihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılması mərhələli, plan üzrə davam etdirilir. Laçın rayonunun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran Laçın Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsini xüsusi qeyd etmək istərdik. Azad edilmiş ərazilərimizdə qısa müddətdə üç beynəlxalq statusa malik hava limanı inşa edilib. Laçın Beynəlxalq Hava Limanı ötən ilin 28 may tarixində istifadəyə verildi. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq.
Vüqar Rəhimzadə qeyd edib ki, 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşündə qeyd etdiyi kimi, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların tətbiq dairəsini genişləndirəcək