Şamaxıda təbiət qoynunda təşkil edilən və süni intellekt və rəqəmsal inkişaf mövzusuna həsr olunan Yay Fest 2026-nın “Mühəndislik və Kod” düşərgəsi uğurla başa çatıb.
“İki sahil” xəbər verir ki, 17-21 avqust tarixlərini əhatə edən düşərgə müddətində gənclər mühəndislik və texnologiya, proqramlaşdırma, süni intellekt və rəqəmsallaşan mühit ilə bağlı biliklərini genişləndirib, müxtəlif praktiki fəaliyyətlərdə iştirak edib, mütəxəssislərlə fikir mübadiləsi aparıb və komanda şəklində öz bacarıqlarını sınayıblar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin inkişafı və müasir çağırışlara uyğun bilik və bacarıqlar qazanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkədə süni intellektin inkişafının sürətləndirilməsini, bu sahədə tədqiqatların təşviqini və ixtisaslı kadr potensialının gücləndirilməsini nəzərdə tutur. Yay Fest 2026-nın süni intellekt və rəqəmsallaşmaya həsr olunan ümumi mövzusu çərçivəsində də gənclərin bu sahələr üzrə bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır.
Düşərgə iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Çadır formatında təşkil edilən düşərgənin açılışında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış edərək rəqəmsallaşan mühitdə Yay Fest’in gənclərin yeni bilik və bacarıqlar qazanması, şəbəkələşməsi və yaradıcı düşüncə tərzlərinin formalaşması baxımından yaratdığı imkanlardan bəhs ediblər.
Düşərgənin 5 günlük proqramı çərçivəsində gənclərin dövlət rəsmiləri və rəqəmsal texnologiyalar üzrə mütəxəssislərlə görüşləri təşkil olunub. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüş zamanı süni intellekt və rəqəmsallaşmanın gənclər üçün yaratdığı imkanlar, yeni texnologiyaların müasir dövrdə rolu və gənclərin bu proseslərdə iştirakı müzakirə olunub. Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə görüşdə isə gənclər müasir beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik çağırışları və təhlükəsizlik məsələlərinin xarici siyasətdə rolu ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Düşərgə proqramının iştirakçılar üçün maraqlı olan hissələrindən biri də Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslərin iştirakı ilə keçirilən panel müzakirəsi olub. NAYORA-nın sədri Rafael Hacıbəylinin moderatorluğu ilə baş tutan panel görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova iştirak ediblər. Müzakirə zamanı spikerlər karyera trayektoriyalarındakı uğurları, şəxsi və peşəkar inkişaf yollarında qazandıqları təcrübələri gənclərlə bölüşüb, onlara gələcək fəaliyyətləri üçün dəyərli tövsiyələr veriblər.
Proqramın tədris hissəsində isə süni intellekt və texnologiyaların praktiki tətbiqinə xüsusi yer ayrılıb. “AI alətləri ilə effektiv proqram təminatının hazırlanması” və “Kod mühəndisliyində süni intellekt: İdeyadan real layihəyə (AI Agent Design Challenge)” mövzularında keçirilən təlimlər vasitəsilə iştirakçılar süni intellekt alətlərindən istifadə, proqram təminatının hazırlanması və texnoloji ideyaların praktik həllərə çevrilməsi ilə bağlı biliklərini artırıblar.
Düşərgə müddətində NAYORA-nın üzv gənclər təşkilatları tərəfindən də müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlər həyata keçirilib. İştirakçılar üçün əvvəlcə komanda işi və ünsiyyət bacarıqlarını inkişaf etdirən timbildinq fəaliyyətləri, daha sonra “Bir ideyanı reallaşdır” və “Sağlam həyatın təməli: düzgün qidalanma və fiziki aktivlik” mövzularında təlimlər, böhran vəziyyətlərinin idarə edilməsinə həsr olunan simulyasiya və ilkin tibbi yardım təlimi təşkil olunub.
Eyni zamanda düşərgə çərçivəsində inklüzivliyə həsr olunmuş xüsusi axşam proqramı da keçirilib. “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin iştirakı ilə baş tutan proqramda inklüziv və yaradıcı gənclərin ifaları və rəqsləri rəğbətlə qarşılanıb.
Maarifləndirici hissə ilə yanaşı, düşərgə iştirakçıları üçün müxtəlif sosial, mədəni və əyləncəli fəaliyyətlər də keçirilib. Hər günün səhəri aerobika, yoqa, pilates və zumba məşqləri ilə başlayıb. Proqram çərçivəsində xor təlimi, intellektual oyun, eləcə də airsoft fəaliyyəti təşkil olunub. Axşam proqramlarında isə Nərgiz Məcidli, Jiva, Tofiq Hacıyev və “Şimal” qrupunun musiqili çıxışları və DJ performansları düşərgədə əyləncəli atmosfer yaradıb. Ocaq ətrafında baş tutan səmimi söhbətlər isə iştirakçılar üçün şirin gənclik xatirəsinə çevrilib.
Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.
Xatırladaq ki, Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.