14 avqust 2026 11:00
105

Qida süfrəmizə çatana qədər hansı mərhələlərdən keçir?

Qida eksperti: Dövlət nəzarətindən keçən və etiket məlumatları tam olan məhsullar istehlakçı üçün daha etibarlı seçim imkanı yaradır

Süd və ağartı məhsulları gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olsa da, onların süfrəyə hansı şəraitdə və hansı mərhələlərdən keçərək gəldiyi hər zaman istehlakçının diqqətində olmur. Market rəfində eyni görünən iki məhsulun istehsal şəraiti, xammalının mənşəyi və təhlükəsizlik göstəriciləri isə tamamilə fərqli ola bilər. Bu səbəbdən süd məhsullarının seçimində yalnız qiymətə və xarici görünüşə deyil, məhsulun mənşəyinə və üzərindəki məlumatların tamlığına diqqət yetirilməsi xüsusi əhəmiyyət daşıyır.

Xüsusilə etiketsiz və mənşəyi məlum olmayan məhsullar bu baxımdan daha çox risk yaradır. Çünki istehlakçı belə məhsulun nə vaxt və harada istehsal edildiyini, hansı şəraitdə saxlanıldığını, tərkibində hansı komponentlərin olduğunu və təhlükəsizlik baxımından nə dərəcədə etibarlı olduğunu müəyyənləşdirə bilmir. Süd və süd məhsullarının mikrobioloji risklərə həssas olması isə məsələnin əhəmiyyətini daha da artırır.

Bu baxımdan məcburi etiketləmə yalnız məhsul haqqında məlumat vermək vasitəsi deyil, həm də istehlakçının təhlükəsiz seçim etməsinə imkan yaradan mühüm mexanizm kimi çıxış edir. Məhsulun mənşəyinin, istehsal və son istifadə tarixlərinin, saxlanma şərtlərinin və tərkibinin açıq göstərilməsi həm istehlakçının məlumatlılığını artırır, həm də istehsalçının məsuliyyətini gücləndirir. Digər tərəfdən, allergenlər barədə məlumatın etiketdə əks olunması müəyyən qidalara həssaslığı olan insanların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Allergen məlumatı həyati əhəmiyyət daşıya bilər

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İki sahil”ə açıqlamasında süd və süd məhsullarının mənşəyinin müəyyənləşdirilməsi, etiket məlumatlarının tamlığı və bu məhsulların təhlükəsizliyinə təsir edən amillərlə bağlı fikirlərini bölüşdü. O bildirdi ki, süd və süd məhsulları heyvan mənşəli qida məhsulları olduğuna görə onların mənşəyinin məlum olması istehlakçı üçün olduqca vacib amillərdən biridir. Etiketsiz məhsullar hər zaman istehlakçı üçün şübhəli məhsul kimi qiymətləndirilməlidir. Çünki belə məhsullarda mikroorqanizmlərin sürətlə inkişaf etməsi mümkündür. Xüsusilə əlverişsiz şəraitdə saxlanılan və ya baytarlıq nəzarətindən keçməyən heyvanlardan əldə olunan məhsullar insan orqanizmi üçün salmonella, E. coli və digər patogen bakteriyalara yoluxma riskini artıra bilər.

Eyni zamanda, bəzi insanlarda süd zülalına və ya laktozaya qarşı həssaslıq müşahidə olunur. Məhsulun üzərində etiket və allergen maddələr barədə məlumat olmadıqda, bu şəxslərin sağlamlığı üçün ciddi risk yarana bilər.

Hər bir qida məhsulunun üzərində onun mənşəyi, istehsal tarixi, son istifadə müddəti, saxlama temperaturu, tərkibi və istehsalçı müəssisə haqqında ətraflı məlumatın olması vacibdir. Bu məlumatlar olmadıqda məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı şübhələr yaranır.

Zəncirin hər halqası nəzarətdə olmalıdır

Etiketlənmə qida zəhərlənmələrinin qarşısının alınmasında da mühüm amillərdən biridir. Etiket məlumatları məhsulun dövlət nəzarətindən keçməsi, düzgün texnologiya ilə istehsal olunması və “tarladan süfrəyə” prinsipi əsasında bütün mərhələlərdə izlənilməsi baxımından əhəmiyyət daşıyır. Bu proses məhsulun keyfiyyətinin və təhlükəsizliyinin qorunmasına kömək edir.

Təhlükəsiz seçim nədən başlayır?

Ona görə də istehlakçılara mənşəyi məlum olan, dövlət nəzarətindən keçən, üzərində etiket məlumatları tam və düzgün göstərilən, müvafiq temperatur rejimində saxlanılan və nəzarətli satış məntəqələrindən alınan süd və süd məhsullarına üstünlük vermələri tövsiyə olunur. Bu, həm qida təhlükəsizliyinin təmin olunması, həm də sağlamlığımızın qorunması baxımından daha məqsədəuyğundur.

Nigar Orucova, "İki sahil"