10 avqust 2026 23:18
88

Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Vaşinqton sammitinin əhəmiyyəti ondan ibarətdir ki, 1992-ci ildən bəri ilk dəfə Cənubi Qafqazda real hüquqi infrastruktur və geosiyasi arxitektura formalaşmağa başlayıb.

“İki sahil” xəbər verir ki, bu fikri Pakistanın geoiqtisadiyyat üzrə analitiki və politoloqu İmran Bhatti 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə keçirilmiş Vaşinqton sülh sammitinin birinci ildönümünü AZƏRTAC-a şərh edərkən bildirib.

Analitikin fikrincə, birgə bəyannamə mahiyyət etibarilə davamlı xarakter almış siyasi prosesi əks etdirir. “Bu sənəd hər iki tərəf üçün normativ bazaya – ərazi bütövlüyünün qarşılıqlı tanınmasına, gücdən istifadə etməkdən imtinaya, 1991-ci il Almatı prinsiplərinin müddəalarına riayət etməyə öhdəlik qoyur. Bununla belə, nəticə etibarilə istənilən sülh müqaviləsinin həll etməli olduğu hüquqi məsələlər hələ öz həllini tapmayıb. Paraflanmış sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş daha böyük əhəmiyyət daşıyan sənəddir”, – deyə İmran Bhatti qeyd edib.

Ekspert Vaşinqton razılaşmasının ikinci böyük istiqamətinin Avrasiyanın təhlükəsizliyi olduğunu bildirib: “TRIPP dəhlizi Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirir, eyni zamanda, İran və Ermənistan sərhədlərinin birləşdiyi yeganə ərazidən yan keçir. Məhz bu, Avrasiya xəritəsini dəyişdi. TRIPP-in tikintisinin 2026-cı ilin sonuna planlaşdırıldığı, Horadiz–Zəngəzur üzrə tammiqyaslı dəmir yolu əlaqəsinin işə salınmasının isə 2028-ci ilin sonuna nəzərdə tutulması rəsmi olaraq açıqlanıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin yanvarında Ermənistanın və Azərbaycanın TRIPP strukturu çərçivəsində enerji sistemlərini inteqrasiya edəcəkləri barədə açıqlaması səssiz, lakin əhəmiyyətli addım idi. Çünki bu, dəhlizi geridönməz hala gətirməyə başlayır”.