08 avqust 2026 22:30
96

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Perunun aparıcı elektrik enerjisi istehsalçılarından biri olan “Inkia Energy” şirkətinə sərmayə yatırması iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı ola bilər.

Bu barədə Perunun “Larazon.pe” portalında Rikardo Sançez Serranın “Azərbaycan Peruda strateji sərmayə ilə yeni əməkdaşlıq mərhələsinə yol açır” sərlövhəli məqaləsində bildirilir. Müəllif bəzi məlumatları AZƏRTAC-a istinadla verib.

Müəllif qeyd edir ki, ARDNF dünyanın aparıcı infrastruktur investisiya şirkətlərindən biri olan “I Squared Capital” ilə tərəfdaşlıq çərçivəsində “Inkia Energy”yə investor kimi daxil olub. Əməliyyat 2026-cı ilin fevralında Kanadanın “Canada Pension Plan Investment Board” fondunun “Inkia”nın 50 faizini əldə etməsi ilə bağlı razılaşma ilə əlaqələndirilir. Qalan 50 faiz isə SOCAR-ın da iştirak etdiyi “I Squared Capital” tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə əldə edilib.

Vurğulanır ki, “Inkia Energy” hidroenergetika, təbii qaz, Günəş və külək enerjisi sahələrində fəaliyyət göstərən, geniş və şaxələndirilmiş enerji portfelinə malik strateji şirkətdir. Onun ümumi effektiv istehsal gücü 2,6 giqavat təşkil edir və şirkət Peru elektrik enerjisinin təxminən 22 faizini təmin edir. Bundan başqa, “Inkia”nın əsasən bərpaolunan enerji layihələrindən ibarət 4 giqavatdan artıq inkişaf portfeli mövcuddur.

Müəllifin fikrincə, investisiya ARDNF üçün də strateji əhəmiyyət daşıyır. Fond bununla investisiya portfelini coğrafi baxımdan şaxələndirir, dayanıqlı aktivlər və infrastruktur layihələrində iştirakını genişləndirir, eyni zamanda, Latın Amerikası bazarına çıxışını gücləndirir.

Həmçinin Azərbaycanın enerji sektorundakı təcrübəsi ilə yanaşı, beynəlxalq investisiyalarda artan roluna diqqət çəkilir. Karbohidrogenlərlə zəngin ölkənin bu dəfə təbii qazla yanaşı, hidro, Günəş və külək enerjisini birləşdirən şirkətə sərmayə yatırması Azərbaycanın investisiya strategiyasının şaxələndirilməsini nümayiş etdirir.

Diplomatik əlaqələr üçün yeni imkan

Məqalədə Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 30 illiyinə yaxınlaşdığı bir vaxtda bu investisiyanın xüsusi əhəmiyyət daşıdığı qeyd olunur. İki ölkə arasında dostluq münasibətləri mövcud olsa da, iqtisadi əməkdaşlıq potensialının hələ tam reallaşdırılmadığı bildirilir.

Müəllif hesab edir ki, ARDNF-in “Inkia Energy”yə sərmayəsi gələcəkdə Azərbaycan investisiyalarının Peruya cəlb olunmasına və Peru şirkətlərinin Azərbaycan və daha geniş Avrasiya bazarlarına çıxış imkanlarını araşdırmasına təkan verə bilər. ARDNF-in “Inkia Energy”yə investisiyası Peru-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcına çevrilə bilər. Bakı Peru ilə bağlı maraq və etimad nümayiş etdirib. Növbəti addımın isə bu iqtisadi siqnala cavab olaraq Lima tərəfindən atılması və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin uzunmüddətli siyasət çərçivəsində genişləndirilməsi olduğu bildirilir.

AZƏRTAC