08 avqust 2026 12:28
103

Federasiya ilə bağlı şok faktlar üzə çıxdı

Cənubi Koreya Futbol Assosiasiyasının (KFA) ölkədə keçirilən beynəlxalq oyunlardan əvvəl və sonra bəzi xarici hakimlərin masaj salonları və böyüklər üçün nəzərdə tutulan məkanlara səfər xərclərini ödədiyi üzə çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin hesabatına istinadən məlumat yayıb.

Yoxlama hələ 2016-cı ildə aparılıb və 2011-ci ilin martından 2012-ci ilin martınadək olan dövrü əhatə edib. Sənəddə qeyd olunur ki, sözügedən xərclər KFA-nın korporativ kartları ilə ödənilib.

Məsələ hazırda 2024-cü ildə Hon Myon Bonun Cənubi Koreya millisinin baş məşqçisi təyin olunması ilə bağlı aparılan araşdırma fonunda yenidən gündəmə gəlib.

Məlumata görə, söhbət 7 matçda iştirak edən təxminən 12 hakim və koordinatorun xərclərindən gedir. Onlar Yaponiya, BƏƏ, İran, Bəhreyn və Özbəkistanı təmsil ediblər. Həmin oyunlar arasında London-2012 Olimpiadası və DÇ-2014-ün seçmə mərhələsinin qarşılaşmaları da olub.

KFA-nın sabiq əməkdaşları bildiriblər ki, bəzi xarici hakimlər bu cür məkanlara getmək üçün özləri müraciət ediblər. Federasiyanın keçmiş rəhbərlərindən biri belə istəklərin yerinə yetirilməsini “o dövrün adi təcrübəsi” adlandırıb.

Maraqlıdır ki, Cənubi Koreya millisi bu epizodlarla əlaqəli 7 matçın heç birində məğlub olmayıb: 5 qələbə və 2 heç-heçə.