05 avqust 2026 11:47
193

Dövlət Əmək Müfəttişliyi Xidməti 107-ci ildönümünü qeyd edir

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti öz tarixinin 107-ci ildönümünü qeyd edir.

Əmək hüquqlarının qorunması sahəsində dövlət nəzarətinin əsası 1919-cu il avqustun 5-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Həmin tarixdə Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində Əmək Müfəttişliyi yaradılıb. Bu addım əməyin mühafizəsi, əməkhaqqı, əmək mübahisələri və işçi hüquqlarının müdafiəsi istiqamətində sistemli dövlət nəzarətinin əsasını formalaşdırıb.

Müstəqillik illərində bu institut yeni inkişaf mərhələsinə qədəm qoyub. 1997-ci ildə Dövlət Əmək Müfəttişliyi yaradılıb, 2011-ci ildə isə onun bazasında Dövlət Əmək Müfəttişliyi Xidməti təsis edilib. Elə həmin il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Xidmət haqqında Əsasnamə təsdiq olunaraq fəaliyyətinin hüquqi çərçivəsi müəyyənləşdirilib.

Bu gün Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, eləcə də fiziki şəxslər – işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Xidmət əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir, qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərir.

Fəaliyyət zamanı Xidmət mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, eləcə də beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. Xidmətin vahid sistemini Aparat, regional bölmələr, tabeliyində fəaliyyət göstərən "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti təşkil edir.

Son illərdə rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatlar əmək münasibətlərində yeni mərhələnin başlanğıcı olub. Elektron həllərin tətbiqi, risk əsaslı və qabaqlayıcı nəzarət mexanizmlərinin genişləndirilməsi əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin daha şəffaf, operativ və səmərəli həyata keçirilməsinə imkan yaradıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin missiyası innovativ metodlarla əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirmək, risk əsaslı və preventiv mexanizmlərlə əmək hüququ pozuntularının, istehsalat risklərinin və peşə xəstəliklərinin qarşısını almaq, hər kəs üçün əlçatan xidmətlər təqdim etməklə təhlükəsiz və dayanıqlı əmək münasibətləri mühiti formalaşdırmaqdır.

Qanunçuluq, bərabərlik, şəffaflıq və hesabatlılıq, korrupsiyaya qarşı sıfır tolerantlıq, peşəkarlıq, operativlik, sosial tərəfdaşlıq və innovativlik prinsiplərini rəhbər tutan Dövlət Əmək Müfəttişliyi Xidməti bu gün də əmək münasibətləri sahəsində müasir çağırışlara cavab verən, risklərin qarşısının alınmasına əsaslanan və vətəndaş məmnunluğunu prioritet hesab edən fəaliyyəti ilə ölkədə sağlam və təhlükəsiz əmək mühitinin, etibarlı əmək münasibətlərinin və işçi hüquqlarının təmin olunmasına töhfə verməyə davam edir.