03 avqust 2026 01:39
110

Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür

Almaniyanın 100-dən çox şəhər və dairəsi anomal istilər və quraqlıq fonunda su istehlakına məhdudiyyətlər tətbiq edib.

“İki sahil”in "Bild" nəşrinə istinadən xəbər verir ki, su qıtlığı qış və yaz aylarında yağıntıların az olması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi və bir neçə ekstremal isti dalğası səbəbindən yaranıb.

Xüsusilə Münxendə bağ hovuzlarını doldurmaq, qazonları suvarmaq və avtomobilləri yumaq qadağan edilib. Hannoverdə havanın temperaturu 27°C-dən yuxarı olduqda bağların suvarılmasına qadağa qüvvədədir, Potsdamda isə dövlət saray bağlarının suvarılması dayandırılıb.

Artıq məhdudiyyətlərin tətbiq edildiyi 109 şəhər və dairənin əksəriyyətində görülən tədbirlər kənd təsərrüfatına təsir edib. O cümlədən tarlaların suvarılması üçün çaylardan və göllərdən su götürülməsi qadağan edilib.

Münxen Texniki Universitetinin professoru Yorq Drevesin sözlərinə görə, Almaniya təmizlənmiş çirkab sularının təkrar istifadəsini daha fəal şəkildə tətbiq etməli və su təchizatı infrastrukturunun inkişafına sərmayə yatırmalıdır. O xəbərdarlıq edib ki, suyun tam tükənməsi təhlükəsinin olmamasına baxmayaraq, ölkədə lokal su qıtlığı yarana bilər.