01 avqust 2026 17:34
115

Dilçi-alim: Orfoqrafiya qaydalarına əməl olunması dilimizin qorunmasına töhfə verir

Azərbaycan dili dövlətçiliyimizin, milli kimliyimizin və mədəni irsimizin əsas dayaqlarından biridir. Ana dilimizin qorunması, inkişafı və vahid yazı normalarının təmin olunması dövlət dil siyasətinin mühüm istiqamətlərindəndir.

“İki sahil” xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü AZƏRTAC-a açıqlamasında bildirib ki, institutda Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin təkmilləşdirilməsi, müasir dil proseslərinin öyrənilməsi və yazı normalarının tənzimlənməsi istiqamətində ardıcıl elmi araşdırmalar aparılır.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, latın qrafikalı Azərbaycan əlifbasına tam keçidi təmin edən mühüm tarixi qərar kimi qiymətləndirilir.

Müasir dövrdə qloballaşma və rəqəmsal kommunikasiya şəraitində Azərbaycan dilinin saflığının, zənginliyinin və vahid yazı qaydalarının qorunmasında orfoqrafiya lüğətləri xüsusi əhəmiyyət daşıyır. Orfoqrafiya normaları sözlərin düzgün yazılışını tənzimləyir, yazı mədəniyyətini formalaşdırır, ədəbi dilin sabitliyini təmin edir və dil səhvlərinin norma kimi qəbul olunmasının qarşısını alır.

Orfoqrafiya lüğətləri yalnız düzgün yazı qaydalarını müəyyənləşdirən mənbə deyil, həm də dilin inkişafını, yeni söz və terminlərin ədəbi dilə daxil edilməsini elmi prinsiplər əsasında tənzimləyən mühüm dil siyasəti alətidir. Bu baxımdan lüğətlərin mütəmadi yenilənməsi müasir Azərbaycan dilinin inkişafı üçün zəruri hesab olunur.

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl elmi işlər aparılır.

İndiyədək Azərbaycan dilinin orfoqrafiya lüğəti yeddi dəfə – 1929, 1940, 1960, 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr olunub. Bu nəşrlər dilimizin inkişaf dinamikasını, ədəbi dil normalarının təkmilləşdirilməsini və müasir tələblərə uyğunlaşdırılmasını əks etdirir.

Azərbaycan dilinin inkişafı onun daşıyıcılarının dilə münasibəti, yazı mədəniyyəti və orfoqrafiya normalarına riayət etməsi ilə sıx bağlıdır. Orfoqrafiya qaydalarına əməl olunması dilimizin nüfuzunun qorunmasına, cəmiyyətin nitq mədəniyyətinin yüksəldilməsinə və Azərbaycan dilinin gələcək inkişafına mühüm töhfə verir.