“Milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olunsa da, həmin vaxtlar dilimizin bu statusu uzun müddət davam etməmişdir.”
“İki sahil” xəbər verir ki, bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə mətbuata açıqlamasında yer alıb.
Millət vəkili xatırladıb ki, yalnız Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi mərhələsinə qədəm qoydu.“1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi xüsusilə geniş vüsət aldı. Yaranmış şəraitdə hətta İttifaq respublikalarının rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə ortaya qoydu. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında etdiyi tarixi çıxışında Heydər Əliyev Azərbaycan SSR-in yeni Konstitusiyasında 73-cü maddəni belə bir redaksiyada vermək təklifini irəli sürmüşdü: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli liderin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı.”
K.Qafarov Azərbaycan dilinə dövlət dili statusunun verilməsini gələcək müstəqil dövlətimizin ideoloji əsaslarının qurulması istiqamətində atılmış ən mühüm addımlardan biri olduğunu vurğulayaraq deyib: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin öz xalqı qarşısında olan ən böyük tarixi xidmətlərindən biridir. Məhz bu nailiyyətlə Ulu öndər gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini məharətlə qoruyub saxlamış oldu. Qeyd etmək lazımdır ki, Ümummilli liderimiz Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. Hələ sovet dönəmində Heydər Əliyevin respublikamızda fəaliyyət göstərən rus məktəblərində Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər verməsi də məhz bu diqqətin təzahürlərindən biri idi. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amil olmaqla, bu xalqın milli sərvətidir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı illərdə də Ümummilli lider Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb. Məhz Ulu öndərin ciddi səyləri nəticəsində 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artmasına müsbət təsir etmiş oldu”.