27 iyul 2026 11:42
114

Birinci yarımildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait açıqlanıb

2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 40,2 faizinə bərabər olub.

“İki sahil” xəbər verir ki,  Maliyyə Nazirliyindən bildirilib ki, cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 11 milyard 642,5 milyon manatı və ya 69,4 faizi cari xərclərə, 4 milyard 188,2 milyon manatı və ya 25 faizi əsaslı xərclərə, 944,8 milyon manatı və ya 5,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 52,4 faizi və ya 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz çoxdur.