24 iyul 2026 23:11
109

Faiq Ağayev: “Dream Fest” xarici qonaqlara Azərbaycanı daha yaxından tanımağa imkan yaradır

Beynəlxalq “Dream Fest” musiqi festivalı müxtəlif ölkələrdən olan sənətçiləri eyni səhnədə bir araya gətirir, minlərlə xarici qonaq üçün isə Azərbaycanı, onun mədəniyyətini və zəngin musiqi ənənələrini daha yaxından kəşf etmək imkanı yaradır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Xalq artisti Faiq Ağayev “Sea Breeze”də keçirilən beynəlxalq “Dream Fest” musiqi festivalının qırmızı xalçasında jurnalistlərə açıqlaması zamanı deyib.

İfaçının sözlərinə görə, festival artıq çoxdan təkcə musiqi tədbiri olmaq çərçivəsindən çıxıb və bu gün Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir.

“Dream Fest” mahiyyət etibarilə təkcə musiqi deyil, həm də bir növ mədəni diplomatiyadır. Xaricdən ölkəmizə gələn insanlar üçün bu festival Azərbaycanı sevmək, onu yaxından tanımaq və kəşf etmək üçün gözəl fürsət yaradır. Bütün bunlar isə Azərbaycanın ən böyük sərvətlərindən biri olan musiqi vasitəsilə baş verdiyi üçün buna yalnız sevinə bilərəm”, – deyə Faiq Ağayev bildirib.

Xalq artisti qeyd edib ki, musiqi insanları birləşdirən xüsusi gücə malikdir və məhz bu güc sayəsində insanlar ölkənin mədəniyyətini, adət-ənənələrini və özünəməxsus ab-havasını daha yaxından hiss edə bilirlər. Yaradıcılıq planlarından danışan müğənni yaxın vaxtlarda dinləyicilərinə yeni mahnısını təqdim edəcəyini, ardınca isə həmin bəstəyə çəkilən klipin nümayiş olunacağını bildirib: “Bilirsiniz ki, mən yerimdə saymağı sevmirəm. Ona görə də çox yaxın zamanda, qismət olsa, sizi yeni layihələr gözləyir”.

Səhnəyə çıxmazdan əvvəlki hazırlığından bəhs edən Faiq Ağayev etiraf edib ki, hər çıxışdan öncə bir neçə dəqiqəni tam sakitlik içində keçirməyə üstünlük verir.

“Səhnəyə çıxmağıma beş dəqiqə qalmış heç kəs mənə yaxınlaşmamalıdır. Mənim tək qalmağa, sakitlikdə, səs-küydən uzaq şəkildə özümü çıxışa kökləməyə ehtiyacım olur”, – deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze”də keçirilən “Dream Fest” beynəlxalq musiqi festivalı müxtəlif ölkələrdən tanınmış ifaçıları və qonaqları bir araya gətirərək tamaşaçılara zəngin konsert proqramı təqdim edir.