24 iyul 2026 23:04
113

Emre Altuğ: “Dream Fest”də Roza Zərgərli ilə eyni səhnəni bölüşəcəyik

Bu gün səhnədə Azərbaycanda da böyük sevgi ilə qarşılanan “Oynama”, “Zalim kuş”, “Su gibisin”, “Bu Kadar mı?” və digər sevilən mahnılarımı səsləndirəcəyəm.

“İki sahil” xəbər verir ki, bu fikirləri türkiyəli müğənni Emre Altuğ “Sea Breeze”də keçirilən “Dream Fest” beynəlxalq musiqi festivalının qırmızı xalçasında jurnalistlərə açıqlaması zamanı deyib.

Azərbaycanlı ifaçılar arasında birlikdə mahnı oxumaq istədiyi sənətçi ilə bağlı sualı cavablandıran Emre Altuğ Roza Zərgərlinin adını çəkib.

“Roza mənim üçün çox önəmli və dəyərli dostdur. O, həm çox səmimi, həm də ürəyi gözəl insandır. Onunla tanış olduğum və dostluq etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Yaxın zamanda birlikdə yeni bir mahnı təqdim edəcəyimiz üçün də ayrıca həyəcanlıyam”, – deyə sənətçi bildirib.

Müğənni əlavə edib ki, bugünkü konsertin ən böyük sürprizlərindən biri də Roza Zərgərli ilə birlikdə səhnəyə çıxaraq duet ifa etməsi olacaq.

Emre Altuğ qeyd edib ki, “Dream Fest” kimi beynəlxalq musiqi festivalında iştirak etmək onun üçün böyük əhəmiyyət daşıyır.

“Dünyanın müxtəlif ölkələrindən gələn sənətçiləri və qonaqları bir araya gətirən belə nüfuzlu festivalın bir hissəsi olmaq böyük qürurdur. Amma mənim üçün ən önəmlisi Azərbaycanda olmaqdır. Azərbaycanın bizim üçün nə qədər əziz olduğunu hər kəs bilir. Türkiyədə Azərbaycana qarşı böyük sevgi var və Azərbaycan tamaşaçılarının da bizi sevdiyini bilmək məni çox xoşbəxt edir. Buna görə də burada səhnəyə çıxmaq mənim üçün hər zaman xüsusi məna daşıyır”, – deyə ifaçı vurğulayıb.

Azərbaycanlı qadınlar haqqında fikirlərini bölüşən müğənni onların gözəlliyini xüsusi qeyd edib.

“Azərbaycanlı qadınlar həqiqətən də çox gözəldirlər. Ümumiyyətlə, düşünürəm ki, hər ölkənin özünəməxsus gözəlliyi var. Dünyanın hər yerində gözəl qadınlar yaşayır. Lakin Azərbaycan qadınlarının gözəlliyi dillər əzbəridir. Eyni sözləri rus qadınları haqqında da demək olar. Türk qadınları da çox gözəldirlər. Məncə, hər xalqın özünəməxsus zərifliyi və cazibəsi var. Öz xalqının mədəniyyətini və xüsusiyyətlərini yaşadan bütün qadınlar gözəldirlər”, – deyə Emre Altuğ əlavə edib.