14 iyul 2026 14:19
184

Şuşa Qlobal Media Forumu Azərbaycanın yaratdığı mühüm beynəlxalq dialoq məkanına çevrilib - Ülviyyə Ağayeva

Artıq Şuşa Qlobal Media Forumu Azərbaycanın yaratdığı mühüm beynəlxalq dialoq məkanına çevrilib. Forumun əsas üstünlüyü ondan ibarətdir ki, burada dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər qlobal gündəmdə olan aktual məsələləri müzakirə etməklə yanaşı, Qarabağ və Şuşada aparılan bərpa-quruculuq işlərini də yerində görmək imkanı qazanırlar.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Deputat diqqətə çatdırıb ki, bu forumun daimi iştirakçıları bölgədəki dəyişiklikləri öz gözləri ilə izləyirlər. İlk səfərlərində müharibənin dağıntılarının şahidi olan qonaqlar bu gün müasir şəhərləri, yeni yaşayış məhəllələrini və doğma torpaqlarına qayıdan insanların həyatını görürlər. Bu, Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin ən real göstəricisidir: "Hesab edirəm ki, forumun ən mühüm nəticələrindən biri də beynəlxalq ictimai rəyin formalaşmasına töhfə verməsidir. Burada iştirak edən nüfuzlu media nümayəndələri gördüklərini öz auditoriyalarına obyektiv şəkildə çatdırırlar. Bu isə Qarabağın bugünkü reallıqlarının və bölgədə baş verən inkişafın dünya ictimaiyyətinə düzgün təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır".