"İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist cənab Vüqar Rəhimzadəyə
Hörmətli Vüqar müəllim,
Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi və üzvləri adından Sizi - ölkəmizin görkəmli jurnalisti və ictimai-siyasi xadimini və kollektivinizi - müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd, çağdaş mətbuatımızın yaranması və formalaşmasında öz yeri və rolu olan "İki sahil" qəzetinin yaradılmasının 35 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Belə bir əminliyimizi ifadə etmək istərdim ki, ötən 35 il ərzində "İki sahil" qəzeti mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə yerinə yetirdi və bu gün də sadiq qaldığı ənənəni uğurla icra edir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, "İki sahil" yenicə nəşrə başladığı dövrdə tarixi bir missiyanı yerinə yetirmişdir. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın ulu öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ile bağlı məşhur "91-lər"in Ümummilli Liderə müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri "İki sahil" olmuşdur.
Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda dayanan "İki sahil" üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirdiyi kimi, dövlətçilik, azərbaycançılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən dövlət quruculuğu prosesində "İki sahil" öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməklə peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək, dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
Bizim üçün çox xoşdur ki, Azərbaycan Respublikasının Auditorlar Palatası və "İki sahil" qəzeti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizdə müstəqil auditin inkişafı, maarifləndirilməsi və təbliği sahəsində "İki sahil" qəzetinin rolu danılmazdır.
Bütün bu göstərdiyiniz diqqəti görə Sizə və rəhbərlik etdiyiniz "İki sahil" qəzetinin kollektivinə dərin təşəkkürümüzü bildiririk. Auditorlar Palatasının təşkil etdiyi konfransların, seminarların, simpoziumların və eləcə də bütün tədbirlərin tərəfinizdən yüksək səviyyədə dəqiq və operativ işıqlandırılmasını çox yüksək qiymətləndiririk.
Hörmətli Vüqar müəllim,
Sizi və "İki sahil" qəzetinin bütün kollektivini əlamətdar yubiley münasibətilə bir daha təbrik edir və müstəqil Azərbaycanın inkişafı naminə gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
Vahid Novruzov