08 iyul 2026 17:00
132

700 baldan süni intellekt təqaüdünə… - MÜSAHİBƏ

Zərifə İlyasova: Süni intellekt sahəsində dünya səviyyəli mütəxəssis olmağı hədəfləyirəm

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib. Gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə yaradılan proqram ölkə üzrə böyük maraqla qarşılanıb. Ümumilikdə 1851 nəfərin müraciət etdiyi proqramda namizədlər test və müsahibə mərhələlərindən keçərək qiymətləndirilib və sonda ən yüksək nəticə göstərən 25 gənc təqaüd qazanıb.

Proqram çərçivəsində iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizaynı istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə edəcək, real layihələr üzərində çalışaraq gələcəyin peşələri üzrə mühüm təcrübə qazanacaqlar. Layihənin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və gənclərin texnologiya sahəsində potensialının gücləndirilməsinə töhfə verməkdir. Qeyd edək ki, proqram çərçivəsində ümumilikdə  150 gəncin təqaüd imkanından yararlanması nəzərdə tutulur.

Bu dəfə proqramın qaliblərindən biri – 2024-cü ildə qəbul imtahanında 700 bal toplayaraq ADA Universitetinin Kompüter Elmləri ixtisasına qəbul olan, süni intellekt, maşın öyrənməsi və data elmi sahələrinə böyük maraq göstərən Zərifə İlyasova ilə həmsöhbət olduq. Son doqquz ay ərzində Azərbaycanın ən böyük hakatonları da daxil olmaqla doqquz hakatona qəbul alan, onlardan səkkizində iştirak edən Zərifə bu istiqamətdə qazandığı təcrübədən, gələcək hədəflərindən və təqaüd proqramından gözləntilərindən danışdı.

– Öncəliklə, oxucularımız üçün özünüzü təqdim etməyinizi istərdik.

-Mən Zərifə İlyasova , 18 yaşım var. 2024-cü ildə DİM tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanında 700 bal toplayaraq ADA Universitetinin Kompüter Elmləri ixtisasına qəbul olmuşam. Süni intellekt, maşın öyrənməsi və data elmi sahələrinə böyük maraq göstərirəm.
Son doqquz ay ərzində aralarında Azərbaycanın ən böyükmiqyaslı hakatonlarının da olduğu doqquz hakatona (PASHA Hackathon 6, Openwave Hackathon və s.) qəbul almış, onlardan səkkizində iştirak etmişəm. Bu proses mənə həm komanda işi, həm də real problemlərin həlli istiqamətində mühüm praktik təcrübə qazandırıb.

Təkcə süni intellekt yox, istənilən sahədə uğur qazanmaq üçün
ən vacib amillər davamlı öyrənmək, öz üzərində işləmək və əldə olunan bilikləri tətbiq etməkdir

Mənim üçün texnologiya yalnız yeni həllər yaratmaq deyil, eyni zamanda insanların gündəlik həyatında qarşılaşdıqları problemlərin həllinə töhfə vermək vasitəsidir. Gələcəkdə dünya səviyyəsində süni intellekt mühəndisi kimi fəaliyyət göstərmək və Azərbaycanda bu sahənin inkişafına töhfə vermək əsas hədəflərimdəndir.

- 1851 müraciətçi arasından seçilərək “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının 25 qalibindən biri olmusunuz. Bu nəticəyə aparan hazırlıq prosesiniz necə keçdi və seçim mərhələlərində sizə üstünlük qazandıran əsas bacarıqlarınız hansılar oldu?

-Düşünürəm ki, mənə üstünlük qazandıran əsas amillərdən biri süni intellekt sahəsinə olan uzunmüddətli marağım və bu istiqamətdə indiyədək gördüyüm işlər oldu. Müxtəlif layihələrdə iştirak etməyim, hakaton təcrübəm və bu sahədə müstəqil şəkildə öyrənməyə göstərdiyim davamlılıq test və müsahibə mərhələlərində də özünü göstərdi.

Texniki biliklərlə yanaşı, analitik düşüncə, problem həll etmə bacarığı və öyrənməyə açıq olmaq kimi xüsusiyyətlərin də seçim prosesində mühüm rol oynadığını düşünürəm.

– Proqram çərçivəsində süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizaynı kimi gələcəyin peşələrini əhatə edən istiqamətlər üzrə təhsil alacaqsınız. Siz bu sahələrdən hansına daha çox maraq göstərirsiniz və əldə edəcəyiniz bilikləri gələcək karyeranızda hansı konkret məqsədlər üçün istifadə etməyi planlaşdırırsınız?

-Məni bu istiqamətlər arasında ən çox cəlb edən sahə süni intellektdir. Hazırda da bu sahədə biliklərimi inkişaf etdirmək üçün davamlı olaraq riyaziyyat, proqramlaşdırma və maşın öyrənməsi üzrə çalışıram.

Proqram çərçivəsində əldə edəcəyim bilikləri gələcəkdə real problemlərin həllinə yönəlmiş süni intellekt sistemlərinin hazırlanmasında və bu sahədə peşəkar karyera qurmaq üçün istifadə etməyi planlaşdırıram.

- Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gənclərin bu sahədə rəqabətqabiliyyətli olması üçün hansı bilik və bacarıqların xüsusilə vacib olduğunu düşünürsünüz? Bu proqramın həmin bacarıqların formalaşmasına hansı töhfəni verəcəyinə inanırsınız?

-Məncə, düşünülənin əksinə, bu sahədə rəqabətqabiliyyətli olmaq üçün təkcə proqramlaşdırma bilmək kifayət deyil. Güclü riyaziyyat təməli, analitik düşüncə, problem həll etmə bacarığı və davamlı öyrənmək istəyi də çox vacibdir.

Əsas odur ki, heç vaxt özlərinə inanmaqdan əl çəkməsinlər
və qarşılarına çıxan fürsətləri mümkün qədər dəyərləndirsinlər

İnanıram ki, bu proqram həm nəzəri biliklərimi, həm də praktiki bacarıqlarımı inkişaf etdirməyə, real layihələr üzərində işləyərək təcrübə qazanmağa və süni intellekt sahəsində daha güclü mütəxəssis olmağa töhfə verəcək.

– Proqram yalnız nəzəri biliklərlə kifayətlənməyərək real layihələr üzərində işləmək imkanı da yaradır. Siz bu təcrübədən istifadə edərək hansı innovativ ideya və ya sosial fayda yaradacaq layihəni həyata keçirmək istərdiniz?

-Düşünürəm ki, bu proqramda əldə edəcəyim bilik və təcrübə gələcək fəaliyyətim üçün möhkəm təməl olacaq. Bu biliklərdən gələcəkdə hakatonlarda iştirak edərkən daha innovativ layihələr hazırlamaq, təcrübə (internşip) proqramlarına müraciət edərkən özümü daha güclü namizəd kimi təqdim etmək və CV-mi daha da zənginləşdirmək üçün istifadə etməyi planlaşdırıram.
Eyni zamanda, bu proqram gələcəkdə həyata keçirmək istədiyim süni intellekt layihələrinin reallaşdırılmasına da mühüm töhfə verəcək.

– Bu təqaüd proqramında qazandığınız uğur şəxsi inkişafınızla yanaşı, digər gənclər üçün də motivasiya nümunəsidir. Bu fürsətdən yararlana bilməyən, lakin gələcəkdə innovasiya və süni intellekt sahəsində uğur qazanmaq istəyən gənclərə hansı tövsiyələri vermək istərdiniz?

-İlk növbədə, gənclərə belə dəyərli inkişaf imkanı yaratdıqlarına görə Azərbaycan Respublikasının Gənclər Fonduna və Bakcell-ə səmimi təşəkkürümü bildirirəm. İkili tərəfdaşlıq çərçivəsində keçirilən və qaliblərindən olduğum “İnnovasiya və Süni İntellekt” təqaüd proqramı kimi təşəbbüslər gənclərin innovasiya və süni intellekt sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsi baxımından çox önəmlidir.
Bu fürsətdən yararlana bilməyən gənclərə isə demək istərdim ki, ruhdan düşməsinlər. Təkcə süni intellekt sahəsində deyil, istənilən istiqamətdə uğur qazanmaq üçün ən vacib amillər davamlı öyrənmək, öz üzərində işləmək və əldə olunan bilikləri praktikada tətbiq etməkdir. Əsas odur ki, heç vaxt özlərinə inanmaqdan əl çəkməsinlər və qarşılarına çıxan imkanları mümkün qədər dəyərləndirsinlər.

Müsahibəyə görə Zərifə İlyasovaya təşəkkür edir, ona “İnnovasiya və Süni İntellekt” təqaüd proqramında, eləcə də gələcək elmi və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”