Ailə ənənələrini yaşadaraq əl əməyi ilə hazırlanan məhsulları peşəkar səviyyəyə yüksəldən sahibkar fəaliyyətindən, ABAD dəstəyinin yaratdığı imkanlardan və gələcək hədəflərindən danışır
Əl əməyi ilə hazırlanan hər bir məhsul təkcə zəhmətin deyil, həm də ailə dəyərlərinin, səbrin və peşəkarlığın ifadəsidir. Azərbaycanda ailə bizneslərinin inkişafına verilən dəstək bu ənənələrin qorunaraq müasir bazar tələblərinə uyğun şəkildə inkişaf etməsinə mühüm töhfə verir. Xüsusilə "ABAD"ın həyata keçirdiyi layihələr kiçik ailə təsərrüfatlarının məhsullarını daha geniş auditoriyaya tanıtmaqla yanaşı, onların rəqabətqabiliyyətini artırır, sahibkarlıq fəaliyyətinə yeni imkanlar qazandırır.
Təqdim etdiyimiz müsahibədə ailə biznesi ilə məşğul olan sahibkar fəaliyyət yolundan, əl əməyi ilə hazırlanan məhsulların istehsal prosesindən, qarşılaşdığı çətinliklərdən, ABAD dəstəyinin biznesinə qazandırdığı yeniliklərdən və gələcək inkişaf planlarından bəhs edir. Söhbət həm də göstərir ki, düzgün dəstək və məqsədyönlü fəaliyyət ailə zəhmətini dayanıqlı və uğurlu sahibkarlıq modelinə çevirə bilir.

- Özünüz və fəaliyyət istiqamətiniz haqqında qısa məlumat verərdiniz. Hansı məhsulları istehsal edirsiniz?
-Mən Aysel Məmmədova, ailə biznesi ilə məşğulam. Fəaliyyət istiqamətimiz əl əməyi ilə hazırlanan məhsulların istehsalıdır. Hər bir məhsulu böyük sevgi və məsuliyyətlə hazırlayır, keyfiyyətə xüsusi önəm veririk.
-Bu sahəyə gəlməyinizdə əsas motivasiya nə olub?
-Ən böyük motivasiyam ailə ənənələrimizi yaşatmaq, öz zəhmətimizlə insanlara keyfiyyətli məhsul təqdim etmək və sevdiyimiz işi peşəyə çevirmək olub.
-ABAD-a qoşulmazdan əvvəl hansı əsas çətinliklərlə üzləşirdiniz?
-Əsas çətinliklər məhsulların tanıdılması, satış bazarının genişləndirilməsi və peşəkar qablaşdırma ilə bazara çıxarılması idi.

-ABAD-a qoşulmaq qərarını verməyinizdə həlledici amil nə oldu?
-ABAD-ın ailə bizneslərinə göstərdiyi dəstək, məhsulların inkişafına verdiyi töhfə və satış imkanlarının artırılması bizim üçün həlledici amil oldu.
-ABAD sizə hansı sahələrdə - istehsal, satış, marketinq, brendləşmə və s. dəstək göstərib?
-ABAD bizə məhsulların brendləşdirilməsi, qablaşdırılması, marketinqi, satışının təşkili və müxtəlif sərgi-yarmarkalarda iştirak istiqamətində böyük dəstək göstərib.
-ABAD dəstəyi fəaliyyətinizin inkişafına və bazarda tanınmasına necə təsir edib?
-ABAD sayəsində məhsullarımız daha geniş auditoriyaya çatdı. Müştəri etibarı artdı, fəaliyyətimiz daha peşəkar səviyyəyə yüksəldi və tanınmağımız xeyli genişləndi.

-ABAD-a qoşulduqdan sonra satış və gəlir baxımından hansı dəyişiklikləri müşahidə etmisiniz?
-Satışlarımda nəzərəçarpacaq artım oldu. Daimi müştərilərin sayı çoxaldı və bu da gəlirlərimin artmasına müsbət təsir göstərdi.
-Fəaliyyətinizdə ailə üzvlərinin rolu nə dərəcədədir?
-Biz ailə biznesiyik və hər bir ailə üzvünün bu işdə öz rolu var. Birlikdə çalışır, bütün mərhələlərdə bir-birimizi dəstəkləyirik.
-Məhsullarınızın keyfiyyətini qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçün hansı prinsiplərə əməl edirsiniz?
-Ən vacib prinsipim keyfiyyət ve səliqədir. Hər məhsulu diqqətlə hazırlayır və müştəri rəylərini daim nəzərə alıram.

-ABAD tərəfindən təşkil olunan sərgi və satış tədbirləri sizə hansı imkanları yaradıb?
-Bu tədbirlər mənə yeni müştərilər qazanmaq, məhsullarımı daha geniş auditoriyaya təqdim etmək və fərqli bölgələrdən olan insanlarla tanış olmaq imkanı yaradıb.
-ABAD brendi altında fəaliyyət göstərmək müştərilərin etibarına necə təsir edir?
-ABAD adı müştərilərdə etibar yaradır. İnsanlar bu brend altında təqdim olunan məhsulların keyfiyyətinə daha çox inanırlar.
-ABAD sayəsində şəxsi və peşəkar həyatınızda ən çox hiss etdiyiniz dəyişiklik nə olub?
Ən böyük dəyişiklik öz işimə olan inamımin artması və gələcəyə daha böyük həvəslə baxmağımdir. Artıq fəaliyyətimi daha peşəkar şəkildə planlaşdıriram
-Sizcə, ABAD-ın ən güclü tərəfi nədir?
-Məncə, ABAD-ın ən güclü tərəfi ailə bizneslərinə hərtərəfli dəstək göstərməsi, onların inkişafına və bazarda tanınmasına real töhfə verməsidir.
-Gələcək üçün əsas hədəfləriniz nələrdir?
-Məhsul çeşidini artırmaq, yeni bazarlara çıxmaq, ixrac imkanlarını genişləndirmək və ailə biznesimizi daha da inkişaf etdirmək əsas məqsədlərimdəndir.

-ABAD-a qoşulmaq istəyən digər ailə bizneslərinə nə tövsiyə edərdiniz?
- Onlara tövsiyə edərdim ki, bu imkandan mütləq yararlansınlar. -ABAD təkcə dəstək göstərmir, həm də sahibkarların inkişaf etməsi, öz potensialını reallaşdırması və məhsullarını daha geniş bazara çıxarması üçün böyük imkanlar yaradır.
Ailə bizneslərinin inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Bu fəaliyyət həm də milli dəyərlərin, sənətkarlıq ənənələrinin və zəhmət mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Müsahibimiz də öz fəaliyyəti ilə göstərir ki, ailə birliyi, keyfiyyətə sadiqlik və davamlı inkişaf istəyi uğurun əsas təməlidir. ABAD-ın təqdim etdiyi imkanlar isə bu zəhmətin daha geniş bazarlara çıxmasına, məhsulların peşəkar şəkildə təqdim olunmasına və sahibkarların potensialının reallaşmasına mühüm şərait yaradır.
Səmimi söhbətə görə müsahibimizə təşəkkür edir, ailə biznesinin bundan sonra da yeni uğurlara imza atmasını, məhsullarının daha geniş bazarlarda tanınmasını, fəaliyyətinin davamlı inkişaf etməsini arzulayırıq. İnanırıq ki, belə uğur hekayələri yeni ailə biznesləri üçün də ilham mənbəyinə çevriləcək və ölkəmizdə sahibkarlığın inkişafına dəyərli töhfə verməyə davam edəcək.
Qeyd edək ki, "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İlham Əliyev 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Qurumun əsas məqsədi vətəndaşların sosial-iqtisadi inkişaf prosesində fəal iştirakını təmin etmək, mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, məşğulluq səviyyəsini artırmaq və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına töhfə verməkdir.
Özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən ABAD mərkəzləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı ilə məşğul olan ailə bizneslərinə geniş dəstək göstərir. Bu dəstəyə biznes-planlaşdırma, marketinq, brendləşmə və dizayn, hüquqi və maliyyə-mühasibat xidmətləri, təlimlər, avadanlıqla təminat, eləcə də məhsulların sertifikatlaşdırılması, logistika və satışının "bir pəncərə" prinsipi əsasında təşkili daxildir.