25 iyun 2026 11:00
92

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məqsədi nədir? - ŞƏRH

Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi 44 günlük Vətən müharibəsində və birgünlük lokal antiterror əməliyyatında tarixi qələbələrimizi təmin etdi.  Bununla da torpaqlarımızın 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu Zəfəri ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Amma Avropanın bəzi siyasi dairələri hələ də bu reallığı həzm edə bilmirlər. Odur ki, onlar bu və ya digər ədalətsiz qərarlar qəbul etməklə Azərbaycana siyasi təzyiq göstərməyə uğursuz cəhdlər etməkdədirlər.

İyun ayının 18-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ölkəmizə qarşı ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd qərar qəbul edib. “V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə adlanan bu “sənəd” Avropa Məhkəməsinin hələ də siyasi oyunların cəngindən qurtula bilməməsindən bir daha xəbər verir. Bəri başdan qeyd edək ki, bu qərar tərtib olunarkən heç bir araşdırma aparılmayıb və işə birtərəfli qaydada baxılıb. Separatçıların, müharibə cinayətkarların “hesabatlarına” istinadla tərtib olunmuş qərarda heç bir əsalı sübuta müraciət edilməyib. Hətta Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə edilib. Halbuki “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə 2016-cı il 16 iyun tarixli qərarında Avropa Məhkəməsinin Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan Respublikası tərəfindən faktiki işğal olunması etiraf olunmuşdu. Hətta həmin sənəddə Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi, ölkəmizin ərazisində fəaliyyət göstərən separatçı rejimin sözügedən ölkə tərəfindən dəstəklənməsi əksini tapmışdı.  Hazırkı qərarda isə 2020-ci ilin noyabrına qədər işğal altında olmuş ərazilər “DQR” adlandırılıb. Avropa Məhkəməsinin son qərarında Ermənistan vətəndaşı olan hərbçinin hansı səbəblərdən Azərbaycan Respublikasının suveren ərazisində xidmət keçməsi məsələsi ümumiyyətlə araşdırılmayıb. Sual olunur: Bəs məsələyə belə fərqli yanaşma nədən qaynaqlanır? Şübhəsiz, bu addım həmin qüvvələrin yaranmış yeni reallığı qəbul edə bilməməsinin göstəricisidir.  

Yeri gəlmişkən qeyd edək ki, Avropa Məhkəməsinin Azərbaycan Respublikasının dövlət suverenliyinə hörmətsizlik göstərilməsinə İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi tərəfindən dəfələrlə etirazlar bildirilib, lakin Avropa Məhkəməsi yenə öz bildiyini əldən qoymur. Bütün bunlar bir daha göstərir ki, Avropa Məhkəməsi AŞPA-nın çirkin oyunlarına qoşulub. Yeri gəlmişkən, 2024-cü ildə AŞPA müxtəlif bəhanələr gətirərək Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Azərbaycan bu addımı siyasi təzyiq kimi qiymətləndirib və nəticədə tərəflər arasında münasibətlər açıq qarşıdurma mərhələsinə daxil olub.

İyunun 22-də Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Azərbaycan Respublikasının məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb. Bir daha vurğulayaq ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı qərəzli və siyasi xarakter daşıyan bir sənəddir və bu kimi qərarlarla Azərbaycana siyasi təzyiq etmək mümkün deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”