Psixoloq: Bu problem uzunmüddətli stress və gərginliyin nəticəsində yaranan ciddi psixoloji vəziyyətdir
Əvvəllər daha çox müəyyən peşə qruplarına aid edilən emosional tükənmə bu gün cəmiyyətin müxtəlif təbəqələrində müşahidə olunan geniş yayılmış problemlərdən birinə çevrilib. Bu vəziyyət sosial əlaqələrə və ümumi həyat keyfiyyətinə də təsir göstərir. Mütəxəssislər bildirirlər ki, insanlar çox vaxt bu prosesin içərisində olduqlarını gec anlayır, yaranan dəyişiklikləri adi yorğunluq və ya müvəqqəti gərginlik kimi qiymətləndirirlər. Nəticədə problem zamanla daha da dərinləşir və ciddi psixoloji çətinliklərə səbəb olur.
Son illərdə aparılan beynəlxalq araşdırmalar da göstərir ki, psixi sağlamlığın qorunması ən az fiziki sağlamlıq qədər vacibdir. İnsanların peşəkar fəaliyyətlərini davam etdirmələrində, ailə və cəmiyyət daxilində sağlam münasibətlər qurmalarında emosional rifah mühüm rol oynayır.
Bəs emosional tükənmə özünü hansı əlamətlərlə göstərir? Bu vəziyyətə gətirib çıxaran əsas səbəblər nələrdir və problemin vaxtında aşkarlanması üçün nələrə diqqət yetirilməlidir?
Tükənmənin görünən və görünməyən əlamətləri

Psixoloq Gülnar Orucova mövzu ilə başlı "İki sahil"ə bildirdi ki, uzun müddət davam edən stress, yorğunluq, gərginlik emosional tükənməyə səbəb ola bilər. Bu zaman insan həm fiziki, həm də zehni baxımdan özünü həddindən artıq yorğun hiss edir: Emosional tükənmənin əsas əlamətləri davamlı yorğunluq, motivasiyanın azalması, əsəbilik, gərginlik, aqressiv davranışlar, yuxu pozuntuları, özünəinamın və özünədəyər hissinin zəifləməsidir.
Bu vəziyyətin yaranmasına müxtəlif amillər təsir göstərə bilər. Son dövrlərdə daha çox müşahidə etdiyimiz səbəblərdən biri iş yerlərində əməkdaşlar arasında münasibətlərin düzgün qurulmamasıdır. İş mühitində davamlı konfliktlərin olması insanın hər gün gərginlik, narahatlıq və stress yaşamasına gətirib çıxarır. Stressə davamlılığı aşağı olan şəxslərdə isə bu hal zamanla emosional tükənmə ilə nəticələnir. Bundan başqa, yüksək məsuliyyət daşıyan insanlarda da emosional tükənmə riski daha çoxdur”.
İnsanlardan uzaqlaşmaq istəyi təhlükə siqnalı ola bilər
G. Orucova qeyd etdi ki, emosional tükənmə yaşayan insanlar adətən ünsiyyətdən uzaqlaşmağa başlayırlar: "Onlar insanlarla təmas qurmaq istəmir, işə maraqlarını itirir və səhərlər yuxudan qalxmaqda çətinlik çəkirlər. Qeyd etmək lazımdır ki, bu vəziyyət iki-üç günlük və ya bir həftəlik istirahətlə tam aradan qalxmır. Burada vacib məqamlardan biri emosional tükənmə ilə depressiyanı fərqləndirməkdir. İnsan özü dəqiq şəkildə qərar verə bilməz ki, hazırda emosional tükənmə yaşayır, yoxsa depressiyadadır. Bu səbəbdən də düzgün qiymətləndirmə üçün psixoloqa və ya psixiatra müraciət etmək vacibdir. Özünüqiymətləndirmə bəzən yanlış nəticələrə gətirib çıxara bilər. Əgər insanın motivasiyası ciddi şəkildə azalıbsa, özünü dəyərsiz hiss edirsə, gələcəklə bağlı ümidsizlik yaşayırsa və ya intihar düşüncələri yaranırsa, bu halda mütləq şəkildə mütəxəssis dəstəyinə müraciət olunmalıdır".
Kimlər daha böyük risk altındadır?
Psixoloqun sözləlrinə görə, təcrübə göstərir ki, emosional tükənmə ailəli insanlarda daha çox müşahidə olunur: "Bunun əsas səbəbi onların həm iş, həm də ailə qarşısında daşıdıqları məsuliyyətin daha yüksək olmasıdır. Xüsusilə övladlı ailələrdə bu yük daha da artır. İnsan eyni vaxtda həm ailə qayğıları, həm də iş öhdəlikləri ilə məşğul olduğu üçün uzunmüddətli gərginlik yaşayır. Əgər bu vəziyyət artıq ailə münasibətlərinə mənfi təsir göstərməyə başlayırsa, münaqişələr və narahatlıqlar artırsa, bu zaman psixoloqa müraciət etmək və vəziyyəti peşəkar şəkildə dəyərləndirmək vacibdir".
Nigar Orucova, “İki sahil”