23 iyun 2026 14:42
638

"AI Community” Azərbaycanda süni intellekt ekosisteminin formalaşdırılmasında birləşdirici platforma kimi çıxış edir

Süni intellekt ekosisteminin inkişafı ölkənin innovasiya potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri olan “AI Community” layihəsi müxtəlif sahələrdən olan peşəkarları və maraqlı tərəfləri vahid platforma ətrafında birləşdirməyi hədəfləyir.

Mövzu ilə bağlı Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil”ə açıqlamasında bildirib ki, “AI Community” Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən mütəxəssisləri, tədqiqatçıları, biznes və dövlət qurumlarının nümayəndələrini, tələbələri, süni intellekt tətbiqçilərini, eləcə də bu sahəyə maraq göstərən şəxsləri bir araya gətirən milli platformadır.

Onun sözlərinə görə, icmanın əsas məqsədi bilik və təcrübə mübadiləsini gücləndirmək, peşəkar əməkdaşlıqların qurulmasına şərait yaratmaq, yerli istedadların inkişafını dəstəkləmək və süni intellekt savadlılığını artırmaqdır.

Cəmalə Məmmədzadə qeyd edib ki, layihə həmçinin innovativ ideyaların real həllərə və tətbiqlərə çevrilməsini təşviq edir. Uzunmüddətli perspektivdə isə məqsəd Azərbaycanda güclü, açıq və davamlı süni intellekt ekosisteminin formalaşdırılmasıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”