23 iyun 2026 14:15
216

“Neyron” platforması gələcək rəqəmsal kadr potensialının formalaşmasında strateji rol oynayır

Süni intellekt və rəqəmsal texnologiyalar müasir dövrdə əmək bazarının inkişafını müəyyən edən əsas istiqamətlərdən birinə çevrilib. Bu baxımdan yalnız peşəkar mütəxəssislərin hazırlanması deyil, eyni zamanda erkən yaşlardan texnoloji düşüncə tərzinin formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, “Neyron” platformasının əsas uzunmüddətli məqsədi gələcəyin mütəxəssisləri üçün möhkəm bilik və bacarıq bazası formalaşdırmaqdır.

Onun sözlərinə görə, platforma vasitəsilə şagirdlərdə analitik düşüncə, problem həll etmə bacarıqları, alqoritmik yanaşma və rəqəmsal savadlılıq kimi kompetensiyaların inkişaf etdirilməsi hədəflənir.

Cəmalə Məmmədzadə qeyd edib ki, bu istiqamətdə həyata keçirilən addımlar gələcəkdə süni intellekt, data elmi, proqramlaşdırma və digər yüksək texnologiya sahələrində daha hazırlıqlı insan kapitalının formalaşmasına mühüm töhfə verəcək.

“Bizim məqsədimiz yalnız bugünün deyil, həm də gələcəyin rəqəmsal iqtisadiyyatı üçün tələb olunan bacarıqların inkişafına dəstək verməkdir,” – deyə o vurğulayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”