22 iyun 2026 21:05
122

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildirilib ki, görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsində vacib rolu qeyd olunub. Təşkilatın Bakının ev sahibliyi ilə keçiriləcək 20-ci sessiyanın uğurla təşkil olunacağına inam ifadə edilib. Eyni zamanda, bu tədbirin İƏT Parlament İttifaqının gələcək fəaliyyətinə uğurlu töhfələr verəcəyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli imkanlar yaradır.