AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Prezidenti İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, tanınmış şair, maarifçi və ictimai xadim Seyid Əzim Şirvaninin yubileyinə həsr olunan tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli iclası açaraq bildirib ki, Seyid Əzim Şirvaninin Azərbaycan ədəbi və ictimai fikir tarixində tutduğu mühüm yerə, onun maarifçilik ideyalarının bu gün də aktuallığını itirməməsinə diqqət çəkiblər. Professor bildirib ki, Seyid Əzim sadəcə bir şair deyil, həm də millətin düşüncəsini dəyişməyə, cəmiyyətin irəliləməsinə çalışan bir ziyalı idi. Onun maarifçilik ideyaları, xalqın mənəvi yüksəlişinə xidmət edən əsərləri bu gün də yeni nəsillərə yol göstərən mənəvi mayak kimi dəyərlidir.
Tədbirin elmi hissəsində müxtəlif istiqamətlər üzrə məruzələr dinlənilib. Professor Sevil Mehdiyeva “Seyid Əzim Şirvaninin dili və üslubu haqqında bəzi qeydlər” mövzusunda çıxış edərək şairin dil xüsusiyyətlərinin klassik poetik ənənələrlə bağlılığını və eyni zamanda xalq dilinə yaxın üslub elementlərini diqqətə çatdırıb. Alim bildirib ki, Seyid Əzim Şirvani poeziyasında sadəlik və ifadə zənginliyi vəhdət təşkil edir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova “Seyid Əzim Şirvani yaradıcılığında təsəvvüfi dünyagörüşünün poetik təzahürləri” mövzusunda məruzəsində şairin əsərlərində sufizm elementlərinin bədii ifadə formalarını təhlil edib. Məruzədə qeyd olunub ki, təsəvvüfi motivlər Seyid Əzim Şirvaninin poeziyasında həm fəlsəfi düşüncə, həm də estetik ifadə vasitəsi kimi çıxış edir.
Dosent Teyyub Quliyev “Seyid Əzim Şirvaninin satirik əsərlərinin xüsusiyyətləri” mövzusunda çıxış edərək şairin satirik yaradıcılığında dövrün ictimai nöqsanlarının kəskin tənqid olunduğunu bildirib. O vurğulayıb ki, Seyid Əzim satira vasitəsilə cəmiyyətdəki mənəvi-əxlaqi problemləri ifşa etmiş, maarifçilik ideyalarını geniş şəkildə təbliğ etmişdir.
Dosent Reyhan Mədətova isə “Seyid Əzim Şirvaninin şeirlərində arxaizmlər” mövzusunda məruzə edərək şairin poetik dilində işlənən arxaik leksik vahidlərin tarixi-linqvistik baxımdan əhəmiyyətini izah edib. Onun sözlərinə görə, bu elementlər həm dövrün dil xüsusiyyətlərini əks etdirir, həm də klassik ədəbi ənənənin qorunub saxlanılmasına xidmət edir.
Çıxışlar zamanı qeyd olunub ki, Seyid Əzim Şirvaninin yaradıcılığı Azərbaycan ədəbiyyatında həm realist-satirik, həm də lirik-poetik istiqamətlərin inkişafında mühüm mərhələ təşkil edir. Onun əsərləri milli ədəbi düşüncənin formalaşmasına, dil və üslub imkanlarının zənginləşməsinə töhfə verib.
Sonda Seyid Əzim Şirvaninin nəticəsi Milli məclisin deputatı Şahin Seyidzadə çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Şahin Seydizadə dahi şairin irsinin yaşadılması və tədqiqinə göstərilən diqqəti yüksək qiymətləndirərək, bu kimi elmi tədbirlərin Azərbaycan ədəbiyyatının, dilinin və mədəniyyətinin təbliğinə mühüm töhfə verdiyini bildirib.