17 iyun 2026 13:42
146

SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb

17 iyun 2026-cı il tarixində İslam İnkişaf Bankı (İİB) qrupunun illik toplantıları çərçivəsində SOCAR ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə dövlət-özəl tərəfdaşlığı  layihələri üzrə maliyyələşdirmə imkanlarının birgə araşdırılmasını nəzərdə tutur.

Anlaşma Memorandumuna əsasən, tərəflər SOCAR-ın və onun birgə müəssisə tərəfdaşları tərəfindən təsis olunan layihə şirkətləri üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirəcək və qiymətləndirəcəklər. Bu çərçivədə ICD tərəfindən layihələrin xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “Anlaşma Memorandumu tərəflər arasında enerji layihələri üzrə gələcək əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır. Sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə həyata keçirilə biləcək layihələr üzrə birgə işləmək, uyğun maliyyə mexanizmlərini nəzərdən keçirmək və istiqamətləri müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır”.

ICD-nin icraçı baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Xalid Xələfalla bildirib: “SOCAR ilə yeni tərəfdaşlıq ICD-nin üzv ölkələrə özəl kapitalın yönləndirilməsi məqsədi daşıyan strategiyasının həyata keçirilməsi baxımından mühüm addımdır. SOCAR-ın enerji sahəsindəki təcrübəsini ICD-nin şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanları ilə birləşdirərək, Azərbaycan və digər ölkələrdə iqtisadi artımı təşviq edəcək dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişafına töhfə veririk. Bu əməkdaşlıq İslam İnkişaf Bankı Qrupunun inkişaf prioritetlərinə tam uyğundur”.