15 iyun 2026 18:39
86

Vens: ABŞ İranın dünya iqtisadiyyatına qayıdışını dəstəkləməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp ABŞ-İran münasibətlərindəki 47 illik böhranın fəsadlarını aradan qaldırmağa çalışır, lakin bu prosesin uğuru Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olmasından asılıdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens CBS telekanalına bildirib.

"Düşünürəm ki, prezident ABŞ və İran arasında 47 illik uğursuz münasibətlərin nəticələrini aradan qaldırmağa çalışır. Lakin bunun üçün İran tərəfi razılaşmaların özünə aid hissəsini həqiqətən yerinə yetirməlidir", - Vens deyib.

O qeyd edib ki, əldə olunan razılaşma İran üçün beynəlxalq ictimaiyyətlə tamhüquqlu iqtisadi əməkdaşlığa qayıtmaq imkanı yaradır.

"Razılaşma faktiki olaraq İrana əl uzadır və deyir: əgər siz öz öhdəliklərinizi yerinə yetirməyə və nüvə proqramınızın real inspeksiyasına icazə verməyə hazırsınızsa, o zaman biz sizin dünya iqtisadiyyatına qayıdışınızı alqışlamağa hazırıq", - ABŞ-ın vitse-prezidenti bildirib.