15 iyun 2026 13:57
120

Kürşad Zorlu: Yüksələn münasibətlərimiz Asiyadan Avropaya qədər bir çox strateji sahədə mühüm nəticələr verməkdədir.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi sayəsində müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz təkcə bölgəmizdə deyil, Asiyadan Avropaya qədər bir çox strateji sahədə mühüm nəticələr verməkdədir.

“İki sahil” xəbər verir ki,  bu fikirlər Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlunun 15 İyun-Milli Qurtuluş Günü münasibətilə yayımladığı mesajında yer alıb. “Can Azərbaycanın 15 İyun-Milli Qurtuluş Gününü təbrik edir, Şuşa Bəyannaməsinin ildönümündə qardaşlığımızın və həmrəyliyimizin daha da möhkəmlənərək gələcəyə daşınmasını arzulayıram. Bu bağlılığın ən güclü rəmzi, şübhəsiz ki, “Bir millət, iki dövlət” şüarımızın dünyaya nümayiş etdirdiyi Qarabağ Zəfəri oldu. Bu Zəfər Türkiyə və Azərbaycanın birlikdə olduqda nümayiş etdirdiyi möhkəm mövqeyin təcəssümüdür”,-deyən Zorlu Türkiyə ilə Azərbaycanın ortaq tarix kitabının hazırlanması istiqamətində işlərə başlanıldığını da açıqlayıb.

“Qədim coğrafiyamızda sülhün, rifahın və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək dövlətçilik anlayışımızla əbədi qardaşlığımızın daim olmasını arzulayıram”, -deyə o əlavə edib.