10 iyun 2026 21:46
96

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı keçirilib

10 iyun tarixində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla baş tutub. “İki sahil” xəbər verir ki, yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən ümumilikdə 50-yə yaxın idmançı qüvvəsini sınayıb.
Çempionatda gimnastlar yeniyetmələr, gənclər və böyüklər olmaqla müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. İştirakçılar batut gimnastikası üzrə fərdi və sinxron proqramlarda, tamblinq üzrə isə fərdi proqramlarda çıxış edərək hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yarış zamanı idmançılar texniki elementlərin dəqiq icrası, yüksək koordinasiya bacarıqları, çeviklik və ustalıqları ilə seçiliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda gimnastlar birincilik uğrunda yarışıblar.
Yarışda batut gimnastikası üzrə Dünya çempionatının sinxron proqramında bürünc medalçısı, Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı Selcan Mahsudova və Dünya çempionatının sinxron proqramında bürünc medalçısı, III MDB Oyunlarının qızıl medalçısı Maqsud Mahsudov, tamblinq üzrə ikiqat Dünya çempionu, Dünya Oyunlarının gümüş medalçısı, Avropa çempionu və Avropa çempionatının ikiqat gümüş medalçısı Tofiq Əliyev, üçqat Dünya çempionu, Avropa çempionu, Avropa çempionatının gümüş medalçısı Mixail Malkin, eləcə də ikiqat Dünya çempionu, Avropa çempionu, Avropa çempionatının gümüş medalçısı Adil Hacızadə də iştirak edib. Batut gimnastikası üzrə qadınların fərdi proqramında Selcan Mahsudova, kişilərin fərdi proqramında isə Maqsud Mahsudov qızıl medal qazanıb.
Tamblinq üzrə yarışda Tofiq Əliyev qızıl, Mixail Malkin gümüş, Adil Hacızadə isə bürünc medalın sahibi olub.
Çempionatın əsas məqsədi gənc və perspektivli idmançıların üzə çıxarılması, onların yarış təcrübəsinin artırılması, milli komanda üçün ehtiyat qüvvənin formalaşdırılması, eləcə də ölkədə batut gimnastikası və tamblinq növlərinin inkişafına dəstək göstərmək olub.
Yekun nəticələrə əsasən, Bakı Gimnastika Məktəbinin yetirmələri yüksək nəticələr əldə edərək müxtəlif yaş kateqoriyalarında və proqramlarda mükafatçılar sırasında yer alıblar.