Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbul zamanı çıxışında deyib.
Tədbirdə Britaniya tərəfindən yüksəksəviyyəli rəsmi qonaq qismində çıxış edən Lord Koaker ölkələrimiz arasında mövcud tərəfdaşlığın artan potensialından danışıb: “Fəxr edirəm ki, təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcək. Bu prioritetlər iki ölkə arasında artan yüksəksəviyyəli səfərlərdə müzakirə edilir”.
Britaniyalı nazir bildirib ki, getdikcə daha da qeyri-müəyyən və təhlükəli hal alan dünyada dost və tərəfdaş ölkələrin varlığı heç zaman olmadığı qədər önəmlidir və Azərbaycan Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır.
O, Azərbaycanın tarix boyu və xüsusən son illər nəzərəçarpan nailiyyətlər əldə etməsinə toxunub, Britaniyanın Azərbaycan Prezidenti İlham Əliyevin regionda dayanıqlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi davamlı səyləri alqışladığını bildirib.
Nazir ötən ilin dekabr ayında Azərbaycana səfərini də xoş hisslərlə yada salıb, Azərbaycanın onda dərin təəssürat oyatdığını qeyd edib. Britaniya rəsmisi xüsusən Bakı şəhərində qədimilik və yenilik, eləcə də Şərq və Qərbin vəhdətinə, Azərbaycan xalqının mehribanlığına və qonaqpərvərliyinə heyran qaldığını deyərək məhz Azərbaycana səfər etməklə ölkəni daha yaxından tanımaq imkanının olduğuna diqqət çəkib.
Lord Koaker Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə və dövlət rəsmiləri ilə keçirdiyi görüşlərin ikitərəfli əlaqələr, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib.
Qeyd edək ki, Lord Koaker dövlət naziri olmaqla yanaşı, həm də Britaniya parlamentinin Lordlar Palatasının üzvüdür. Azərbaycanın Müstəqillik Günü münasibətilə Londonda keçirilən tədbirdə Britaniyanın dövlət naziri səviyyəsində təmsil olunması iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının daha bir göstəricisidir.