Avstraliya İkinci Dünya müharibəsindən bəri ən genişmiqyaslı hərbi islahatlara start verib.
“İki sahil” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Riçard Marlz Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda bəyan edib.
Onun sözlərinə görə, bunun səbəbi qlobal təhlükəsizlik sahəsində vəziyyətin kəskin şəkildə pisləşməsi və Hind-Sakit okean regionunda artan təhdidlərdir. Müdafiə idarəsinin rəhbəri bildirib ki, ölkənin silahlı qüvvələri döyüş gücünün artırılmasına diqqət yetirməklə dərin transformasiyadan keçir. Donanmanın inkişafı prioritet kimi müəyyənləşdirilib: müdafiə büdcəsinin 40%-dən çoxu dəniz qüvvələrinə yönəldilib.
Nazir qeyd edib ki, hökumət genişmiqyaslı silahlanma proqramını həyata keçirir, bu proqram AUKUS tərəfdaşlığı çərçivəsində atom sualtı qayıqlarının tikintisini, həmçinin yeni esmineslər, freqatlar və pilotsuz dəniz platformalarının yaradılmasını əhatə edir. Marlz cari strateji vəziyyəti 1945-ci ildən bəri Avstraliya üçün ən mürəkkəb və təhlükəli dövr kimi xarakterizə edib. Əsas çağırışlar sırasında o, sualtı infrastruktura qarşı təxribatları, Cənubi Çin dənizindəki gərginliyi, İran ətrafındakı vəziyyət və tənzimlənməyən "kölgə donanması"nın fəaliyyətini sadalayıb. Nazirin fikrincə, soyuq müharibədən sonrakı dövr qəti şəkildə başa çatıb və inandırıcı müdafiə imkanlarına investisiya qoymayan dövlətlər qaçılmaz olaraq xarici təzyiqə qarşı həssas olacaq və suverenliyini itirmək riski ilə üzləşəcək.