19 may 2026 01:15
254

Üz yoqası estetik prosedurlara alternativ ola bilərmi? - “Təbii gəncləşmə” trendi

Son illərdə sosial şəbəkələrdə sürətlə yayılan “üz yoqası” trendi xüsusilə estetik prosedurlardan çəkinən insanların diqqətini cəlb edir. “Botokssuz gəncləşmə”, “təbii liftinq effekti”, “üz əzələlərinin məşqi” kimi iddialarla təqdim olunan bu üsul artıq milyonlarla insanın gündəlik dəriyə qulluq rutinlərinin bir hissəsinə çevrilib. Mütəxəssislər isə bildirirlər ki, üz yoqası bəzi hallarda faydalı təsir göstərsə də, onu möcüzəvi nəticə verən metod kimi təqdim etmək düzgün deyil.

Üz yoqası əsasən mimika əzələlərinin müəyyən hərəkətlərlə işlədilməsi, masaj və nəfəs texnikalarının birləşməsindən ibarətdir. Məqsəd üz nahiyəsində qan dövranını artırmaq, əzələ tonusunu gücləndirmək və dərinin daha canlı görünməsinə kömək etməkdir. Sosial mediada bu məşqlərin qırışları azaltdığı, üzü daha dolğun göstərdiyi və hətta “üzü yenidən formalaşdırdığı” iddia olunur.

Aparılan elmi araşdırmalar müəyyən müsbət nəticələrin olduğunu göstərsə də, bu nəticələrin hələ tam sübut olunmadığını ortaya qoyur. ABŞ-da aparılan və “JAMA Dermatology” jurnalında dərc olunan bir araşdırmada 40-65 yaş arası qadınların 20 həftə ərzində müntəzəm üz məşqləri etdikləri müşahidə olunub. Tədqiqatın sonunda iştirakçıların yanaqlarının dolğunluğunda müəyyən artım və üz dərilərində daha gəncləşmiş görünüş qeydə alınıb. Digər bir klinik araşdırmada isə 8 həftəlik intensiv üz yoqası proqramından sonra üz əzələlərinin elastikliyində artım müşahidə edildiyi bildirilib. Araşdırmanın müəllifləri qeyd ediblər ki, üz məşqləri bəzi əzələlərin tonusuna və birləşdirici toxumalara müsbət təsir göstərə bilər. Bununla belə, nəticələrin daha geniş iştirakçı qrupu üzərində yenidən yoxlanılmasına ehtiyac olduğu vurğulanıb.  

Estetik prosedurların görünməyən riskləri

Mütəxəssislər hesab edirlər ki, üz yoqasının əsas üstünlüklərindən biri onun qeyri-invaziv (tibbdə bədənin bütövlüyünü pozmadan, dəridə kəsik aparılmadan və ya bədən boşluqlarına tibbi alətlər daxil edilmədən həyata keçirilən diaqnostika və müalicə üsulları) olmasıdır. Yəni, burada iynə, cərrahi müdaxilə və ya kimyəvi maddələrdən istifadə edilmir. Bu isə estetik prosedurlar zamanı yarana biləcək bəzi risklərin qarşısını almağa imkan verir. Çünki son zamanlarda estetik prosedurların yaratdığı fəsadlarla bağlı narahatlıqlar da artmaqdadır. Xüsusilə dolğu və botoks prosedurlarının geniş yayılması ilə yanaşı, yanlış tətbiqlər nəticəsində üz iflici, asimmetriya, damar tıxanıqlığı, göz qapağının sallanması və infeksiya kimi problemlərlə bağlı məlumatlar daha çox gündəmə gəlir.

2025-ci ildə "PubMed Central (PMC)"da dərc olunan sistematik araşdırmada botoks, hialuron turşulu dolğular və sap liftinq prosedurlarından sonra yaranan əlavə təsirlər analiz edilib. Araşdırmaya görə, qeyri-cərrahi estetik prosedurlardan sonra əlavə təsirlərin ümumi göstəricisi 34 faizdən çox olub. Ən çox problem isə dolğu prosedurlarında müşahidə edilib. Şişkinlik, ağrı, göyərmə, düyünlərin əmələ gəlməsi və damar ağırlaşmaları ən geniş yayılan yan təsirlər arasında göstərilib.  

"Mükəmməl üz" təzyiqi

Qeyd etmək lazımdır ki, sosial media platformalarında estetik prosedurların bəzən həddindən artıq ideallaşdırılması da tənqid olunur. Filtrlərlə yaradılan “mükəmməl sima” görüntüsü xüsusilə gənclər arasında süni gözəllik standartlarının formalaşmasına səbəb olur. Bu vəziyyət bir çox insanları qısa vaxtda nəticə əldə etmək naminə riskli prosedurlara yönəldir. Üz yoqası tərəfdarları isə uzunmüddətli və nizamlı tətbiq olunan təbii metodların daha təhlükəsiz alternativ ola biləcəyini hesab edirlər. Bununla belə, dermatoloqlar xəbərdarlıq edirlər ki, həddindən artıq və yanlış tətbiq edilən üz hərəkətləri bəzi hallarda mimik qırışlarını daha da artırmaq riski yarada bilər.  

Araşdırmalar göstərir ki, üz yoqası daha çox dəriyə qulluq, düzgün qidalanma, yuxu rejimi və günəşdən qorunma ilə birlikdə tətbiq olunduqda müəyyən fayda verə bilər. Lakin onu estetik müdaxilələri tam əvəz edən “möcüzəvi üsul” kimi təqdim etmək elmi baxımdan hələ kifayət qədər əsaslandırılmır. Bütün bunların fonunda mütəxəssislər gözəllik anlayışının sürətli dəyişdiyi bir dövrdə insanların sosial media trendlərindən çox, sağlamlıq və təhlükəsizlik faktorlarını nəzərə almasının vacibliyini vurğulayırlar.

"Botoks"dan imtina etdirən tətbiq

"Face Yoga TG" tətbiqinin qurucusu, üz yogası kouçu Türkan Gündüz mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, üz yogası insanın təbii gözəlliyini qorumağa və vurğulamağa kömək edən ən sağlam üsullardan biridir: "Bu metod üz cizgilərini dəyişdirmək və ya insanı tamamilə fərqli göstərmək üçün deyil, insanın öz unikallığını qoruyaraq daha baxımlı, canlı və sağlam görünməsini dəstəkləmək üçündür. Ən önəmlisi isə odur ki, bu yanaşma süni görünüş yaratmadan insanın öz təbii gözəlliyini ön plana çıxarır.

Üz yogası tətbiqimiz təxminən bir ilə yaxındır fəaliyyət göstərir və artıq dünyanın bir çox ölkələrindən istifadəçilərimiz var. Tətbiqin əsas üstünlüyü insanların hər hansı vaxt məhdudiyyətinə və ya "Zoom" görüşlərinə bağlı qalmadan istədikləri vaxt üz yogası edə bilmələridir. İstifadəçilər gündəlik üz baxımı rutinindən sonra sadəcə 10-15 dəqiqə ayıraraq rahat şəkildə məşqlərini edə bilirlər. Bundan əlavə, tətbiq hər kəsə öz ehtiyacına uyğun seçim imkanı yaradır. İnsanlar yalnız ümumi üz məşqləri deyil, eyni zamanda, onları narahat edən xüsusi bölgələrə, məsələn alın qırışları, göz ətrafı, çənə xətti və ya yanaqlar kimi sahələrə fokuslana bilirlər. Bu da tətbiqi daha fərdi və məqsədəuyğun edir.

Mütəxəssisin sözlərinə görə, sosial mediada yaradılan “qüsursuz üz” anlayışı xüsusilə gənc nəsil üçün ciddi təhlükə yaradır: "Çünki bu təzyiq insanlara özlərini olduqları kimi qəbul etməyi deyil, daim dəyişmək məcburiyyətində olduqlarını hiss etdirir. Halbuki hər insanın özünəməxsus cizgiləri və unikallığı var. Təəssüf ki, sosial şəbəkələrdə filtrlənmiş və ideallaşdırılmış görüntülər bir çox gənclərdə özgüvən problemləri yaradır və onları erkən yaşda estetik prosedurlara yönləndirir. Bu isə zamanla həm psixoloji gərginlik, həm də ağır depressiya hallarına səbəb ola bilir.

Bu məqamda gənclərə ən böyük tövsiyəm özlərini başqaları ilə müqayisə etməmələri və təbii gözəlliklərini qəbul etmələridir. İnsan özünü dəyişdirməyə çalışmazdan əvvəl özünü sevməyi və özünə qayğı göstərməyi öyrənməlidir. Nəzərə alınmalıdır ki, sağlam həyat tərzi, düzgün qulluq və özünəinam insanı daha gözəl göstərən ən vacib amillərdir."

Şahnigar Əhmədova, "İki sahil"