16 may 2026 13:13
118

Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq

Müasir dövrdə şəhərsalma artıq qlobal trendə çevrilib. Hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır və hesablamalara görə, 2050-ci ilə qədər bu göstərici 70 faizə çata bilər.

“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O, qeyd edib ki, bu yeni şəhərlərin, yeni infrastrukturun formalaşması və yeni çağırışların meydana çıxması deməkdir.

“Bu baxımdan düşünürəm ki, qeyri-hökumət təşkilatlarının, o cümlədən Türk dünyasının QHT-lərinin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin həyata keçirilməsi şəhərsalma sahəsində yaranan çağırışlara veriləcək mühüm cavab olacaq”, – deyə o bildirib.

Vüsal Qasımlı vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra şəhərsalma sahəsində ən unikal nümunələrdən birini ortaya qoyub. Elə bir dövlət olmayıb ki, bu qədər qısa müddət ərzində öz gücü və imkanları hesabına bu sayda şəhər, kənd və qəsəbəni yenidən bərpa etsin. Hesablamalara görə, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq. Bu, olduqca böyük göstəricidir və faktiki olaraq alternativi yoxdur. Azərbaycanın bütün bu layihələri daxili imkanları hesabına həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır və qürurverici göstəricidir. Artıq bu gün Qarabağ və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsinə əhalinin qayıdışı təmin olunub və bu proses ardıcıl şəkildə davam edir”, – deyə Vüsal Qasımlı vurğulayıb.