Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı yaradıcı gənclərin bacarıq və ideyalarını göstərmələri, milli sənət ənənələrini müasir baxışla təqdim etmələri üçün mühüm platforma rolunu oynayır. Bu baxımdan festivalın birinci gününün növbəti tədbiri xüsusi əhəmiyyət kəsb edib. Cıdır düzündə təşkil olunan konsert proqramında Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri səhnəyə çıxıblar.
“İki sahil” xəbər verir ki, gənc musiqiçilərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.
Proqramda Qarabağ Universitetinin xanəndəlik, vokal, balaban, piano və digər sinifləri üzrə şagirdlərin çıxışları olub.
Konsert dünyaşöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” əsərinin səsləndirilməsi ilə yekunlaşıb.
Tanınmış incəsənət xadimləri AZƏRTAC-a açıqlamalarında festivalın əhəmiyyətindən və gənclərin musiqiyə marağından danışıblar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, skripka və violonçel milli alətlərimiz olmasa da, bu gün məhz həmin alətlər vasitəsilə Azərbaycan musiqisi dünyanın müxtəlif səhnələrində səslənir, fərqli auditoriyalara çatdırılır. Bu, milli musiqimizin beynəlxalq miqyasda tanıdılması baxımından olduqca vacib məqamdır.
“Mənim ən böyük arzum odur ki, Azərbaycan musiqiçiləri bütün dünya səhnələrində çıxış etsinlər, ölkəmizi layiqincə təmsil etsinlər. Afişalarda Azərbaycan adının daha çox yer alması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu, həm mədəniyyətimizin təbliği, həm də gənc nəslin ruhlandırılması baxımından çox önəmlidir. İnanıram ki, bugünkü gənclərimiz istedadları və zəhmətləri ilə bu istiqamətdə böyük uğurlar qazanacaq”, - deyə o vurğulayıb.
Əməkdar artist Təyyar Bayramov açıqlamasında deyib ki, festival hər zamankı kimi, yüksək səviyyədə və möhtəşəm təşkil olunub. Onun sözlərinə görə, bu cür layihələr Azərbaycan musiqisinin zənginliyini və müasir nəfəsini nümayiş etdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, festivalda yalnız yerli ifaçılar deyil, eyni zamanda, xarici ölkələrdən gələn incəsənət xadimləri də iştirak edirlər. Bu isə bir daha təsdiqləyir ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı artıq beynəlxalq miqyasda böyük maraq doğuran mühüm mədəniyyət platformasına çevrilib.
T.Bayramov əlavə edib ki, gənclərin musiqiyə marağı ildən-ilə artır və bu, Azərbaycan musiqisinin gələcəyi baxımından olduqca sevindirici haldır. Onun sözlərinə görə, belə festivallar gənclərin istedadlarını üzə çıxarmaları, səhnə təcrübəsi qazanmaları və peşəkar sənətkarlarla bir arada çıxış etmələri üçün mühüm imkanlar yaradır.
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu vurğulayıb ki, bu gün Cıdır düzündə mədəniyyətimizin ən gözəl bayramlarından biri keçirilir. İllərin sınağından çıxmış, müxtəlif mərhələlərdən keçmiş bu möhtəşəm tədbir – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı zaman keçdikcə daha da cavanlaşır. O deyib ki, yeni nəfəs və yeni səslər festivala xüsusi rəng qatır, onun əhatə dairəsi isə ildən-ilə genişlənir. Artıq bu musiqi bayramı təkcə Azərbaycanı deyil, bütün Türk dünyasını, eləcə də yaxın və uzaq ölkələri bir araya gətirir.
Festivalın gənc iştirakçıları isə AZƏRTAC-a açıqlamalarında dövlət tərəfindən gənclərə göstərilən diqqəti və festivalın onlar üçün əhəmiyyətini vurğulayıblar.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbəsi Nuray Paşayeva qeyd edib ki, bu cür tədbirlər dövlətin gənclərə göstərdiyi diqqət və dəstəyin bariz nümunəsidir. O bildirib ki, burada olmaq, çıxış etmək və yaradıcı mühitin bir parçasına çevrilmək böyük ruh yüksəkliyidir.
N.Paşayeva gənclərə yaradılan bu imkanların onların gələcək inkişafı üçün çox önəmli olduğunu diqqətə çatdıraraq vurğulayıb: “Özümü bu səhnədə görmək mənim üçün həm qürurverici, həm də məsuliyyətdir”.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbəsi Saqi Əliyev bu festivalda iştirak etməyin onun üçün böyük təcrübə olduğunu bildirərək deyib: "Dövlətin gənclərə verdiyi dəstək sayəsində biz öz bacarıqlarımızı daha geniş auditoriyaya təqdim edə bilirik. Şuşada belə maraqlı festivalda çıxış etmək təkcə bir səhnə təcrübəsi deyil, həm də böyük qürur hissidir. Bu imkanlar bizə gələcəyə daha inamla baxmaq gücü verir”.
Qarabağ Universitetinin müəllimi, festivalın iştirakçısı Elxan Qurbanlı qeyd edib ki, bu cür tədbirlər gənclərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. “Dövlətin dəstəyi ilə təşkil olunan festivallar onların yaradıcılıq potensialını üzə çıxarır, peşəkar səviyyəyə yüksəlməsinə şərait yaradır. Gənclərin bu səhnədə özlərini ifadə etmələri həm onların inkişafı, həm də mədəni mühitimizin zənginləşməsi deməkdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, festival mayın 15-dək davam edəcək.
Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. 2024-cü ildə isə festival Şuşa ilə yanaşı, Laçın şəhərini də əhatə etmişdi. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçinin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə də öz töhfəsini verir.