Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən uşaqlar üçün nəzərdə tutulmuş qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan tənzimləmə mexanizmləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq kompleks yanaşma əsasında həyata keçirilir.
Bununla əlaqədar AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova “İki sahil”in suallarını cavablandırıb.
-Uşaqlar üçün qida məhsullarına tətbiq olunan xüsusi təhlükəsizlik və keyfiyyət standartları hansılardır?
-Uşaqlar üçün qida məhsulları, xüsusilə qida formulları daha sərt sanitariya, gigiyena və mikrobioloji tələblərə uyğun olaraq istehsal edilməlidir. Qida formulları yalnız “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” və “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olduğu təqdirdə istehsal və dövriyyəyə buraxıla bilər. Eyni zamanda, istifadə olunan qablaşdırma materialları “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinin tələblərinə cavab verməlidir. Qida əlavələrinin tətbiqi isə müvafiq sanitariya norma və qaydaları ilə tənzimlənir.

- Pestisid, ağır metal və digər zərərli maddələrin monitorinqi necə həyata keçirilir və aşkarlanan risklər zamanı hansı tədbirlər görülür?
-Agentlik tərəfindən həyata keçirilən dövlət nəzarəti çərçivəsində qida məhsullarında, o cümlədən qida formullarında pestisid qalıqları, ağır metallar və digər potensial təhlükəli maddələrin səviyyəsi mütəmadi laborator analizlər vasitəsilə qiymətləndirilir. Normativ tələblərə əsasən, qida formullarında bitki mühafizə vasitələrinin təsiredici maddələrinin qalıq miqdarı, müəyyən istisnalar nəzərə alınmaqla, 0,01 mq/kq-dan artıq olmamalıdır. Eyni zamanda, 0,003 mq/kq-dan aşağı nəticələr həmin maddələrin istifadə olunmaması kimi qiymətləndirilir. Müəyyən edilmiş limitlərin aşılması hallarında məhsulun dövriyyədən çıxarılması, idxalın məhdudlaşdırılması, inzibati məsuliyyət tədbirlərinin tətbiqi və risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsi kimi operativ tədbirlər həyata keçirilir.
- Uşaqlar üçün qida məhsullarında allergenlər və qida tərkibi ilə bağlı hansı etiket tələbləri mövcuddur?
-Uşaqlar üçün qida məhsullarının etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” və “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq aparılmalıdır. Etiketdə məhsulun tərkibi, xüsusilə zülal mənbələri (heyvani və ya bitki mənşəli), allergen komponentlər, vitamin və mineral maddələrin miqdarı aydın və oxunaqlı şəkildə göstərilməlidir. Bundan əlavə, məhsulun hazırlanma qaydası, saxlanma şəraiti, yararlılıq müddəti və istifadə ilə bağlı risklərə dair xəbərdarlıqlar qeyd olunmalıdır. Qanunvericiliyə uyğun olaraq, etiketlərdə ana südünün əvəz edilməsi və ya ondan üstün olması barədə hər hansı iddiaların yer almasına yol verilmir və “Ana südü körpə üçün ən ideal qidadır” kimi xəbərdarlıq xarakterli məlumatların verilməsi məcburidir.
-Valideynlər və istehlakçılar üçün qida təhlükəsizliyi barədə məlumatlandırma hansı mexanizmlər vasitəsilə həyata keçirilir?
-Agentlik tərəfindən istehlakçıların, xüsusilə valideynlərin məlumatlandırılması məqsədilə sistemli maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərə kütləvi informasiya vasitələri, sosial media platformaları, rəsmi internet resursları, çap materialları və ictimai çıxışlar daxildir. Məqsəd istehlakçıların qida məhsullarının seçimi zamanı məlumatlı qərar qəbul etməsinə nail olmaq, etiket məlumatlarının düzgün şərhini təşviq etmək və potensial risklər barədə ictimai məlumatlılığı artırmaqdır.
- Uşaqlar üçün qida məhsullarının təhlükəsizliyini artırmaq məqsədilə Agentlik tərəfindən hansı strategiyalar və inkişaf planları həyata keçirilir?
-Uşaqlar üçün qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi sahəsində AQTA tərəfindən risk əsaslı nəzarət modelinin tətbiqi, laborator infrastrukturun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğunluğun artırılması və rəqəmsal izləmə sistemlərinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, idxal və yerli istehsal zəncirində şəffaflığın artırılması və qabaqlayıcı nəzarət mexanizmlərinin gücləndirilməsi Agentliyin əsas prioritetləri sırasındadır.
Qvami Məhəbbətoğlu, “İki sahil”