30 aprel 2026 16:37
116

Səfərinin əsas məqsədi Azərbaycan haqqında yeni kitab hazırlamaqdır

Xarkovlu naşir və yazıçı Aleksandr Krasovetski AMEA Nəsimi adına Dilçilik İnstitutunda olub. “İki sahil” xəbər verir ki,  qonaq institutun direktoru professor Nadir Məmmədli ilə görüşərək gələcək layihələri barədə məlumat verib.

Xarkovun “Folio” nəşriyyatının direktoru, yazıçı A.Krasovetski bildirib ki, səfərinin əsas məqsədi Azərbaycan haqqında yeni kitab hazırlamaqdır. O qeyd edib ki, əvvəllər Gürcüstanın tanınmış siyasətçi və hərbçiləri ilə müsahibələrdən ibarət toplu nəşr etdirib. İndi isə Azərbaycanın ərazi bütövlüyünü necə bərpa etdiyini, iqtisadi inkişaf yolunu, tarixini və mədəniyyətini geniş auditoriyaya çatdırmaq niyyətindədir. Bu məqsədlə ölkəmizin tanınmış simalarından müsahibələr alacağını deyən yazıçı Azərbaycan dilinin türk dilləri ailəsindəki yeri və milli kimlik məsələləri ilə də yaxından maraqlandığını bildirib.

Görüşdə professor Nadir Məmmədli institutun elmi fəaliyyəti, kadr hazırlığı və yeni nəşrlər barədə ətraflı məlumat verib. O, ana dilinin dövlətçiliyin, milli kimliyin və tarixi yaddaşın əsas dayağı olduğunu vurğulayıb: “Azərbaycan dövləti dili cəmiyyətin bütövlüyünü təmin edən, həm mədəni, həm də siyasi inteqrasiyanı reallaşdıran fundamental faktor kimi uca tutur”.

Sonda professor dilçilik sahəsindəki yeni elmi nailiyyətlərin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd edib və qonağa institutun yeni nəşrlərini təqdim edib.