22 aprel 2026 18:46
111

Xalq öz dilini qorumağa borcludur

“İstər Ümummilli Liderimiz, istərsə də Prezident İlham Əliyev tərəfindən dilimizin saflığı, eləcə də dilimizin beynəlxalq nüfuzunun güclənməsi ilə əlaqədar xeyli işlər görülüb. Bütün bunlar bizim dövlət sənədlərində öz əksini tapıb.  Hətta ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm sənəd hesab olunan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ı da qəbul olunub. Bütün bunlar dilmizin daim diqqət mərkəzində olmasından xəbər verir”.

Bu fikirləri akademik Nizami Cəfərov “İki sahil” qəzetinə açıqlamasında söylədi.  Bildirdi ki, biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız dilimiz bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir: “Yəni, yad təsirlərə düşməmişik. Prezident İlham Əliyevin sözləri ilə desək, bu, böyük nailiyyətdir. Yeri gəlmişkən qeyd edim ki, bu gün bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr dilimizi zənginləşdirmir. Onlar dilimizi pozur, həm də milli kimliyimizi də sarsıdır. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini də xatırlatmaq istərdim: “...efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər”.

Ədəbi dilimizin ən müxtəlif funksional üslublarının normal fəaliyyət göstərdiyini, ədəbi dilimizin normalarına qarşı ciddi bir təhdid olmadığını, işgüzar üslubda müəyyən problemlərin olduğunu vurğulayan akademik daha sonra dedi: “Bizdə ailə-məişət deyilən bir üslub var. Bu, sadəcə ünsiyyət sahəsi deyil. Biz heç zaman düşünə bilmərik ki, ailələrdə ədəbi dildə danışılmamalıdır. Yalnız  dialektlərdə danışılmalıdır. Ailənin üzərinə düşən ən mühüm məsələlərdən biri ədəbi dil normalarının uşaqlara öyrədilməsidir. Yeri gəlmişkən onu da deyim ki, müəyyən tarixi dövrlərdə ədəbi dilin ən müxtəlif üslublarında başqa dillər hökm edə bilibsə, ailə-məişət üslubumuza dağıdıcı təsir göstərə bilməyib”.

Akademikin fikrincə, bu gün dilimizə ingilis dilinin təsiri var: “Amma bu təsir əksərən mütərəqqidir. Yəni, burada söhbət terminologiyadan gedə bilər, intellektual leksikadan gedə bilər. Bu təsiri biz müəyyən səviyyədə qəbul etməliyik.  Bundan imtina etmək olmaz. Unutmayaq ki,  ingilis dili bizi beynəlxalq aləmlə qovuşdurur. Ona görə ingilis dilinin ölkəmizə gəlməyi, o dili yaxşı öyrənməyimiz artıq zərurətdir və bu məsələdə dil təhlükəsindən, Azərbaycan dilinə olacaq hər hansı təsirdən danışmaq mənə elə gəlir ki, hələ yersizdir. Onu da vurğulamaq istərdim ki, cəmiyyət öz dilini, dövlət dilini, mənsub olduğu  dilini qorumağa borcludur. Bu, onun həm hüququdur, həm də  səlahiyyətinə aid bir məsələdir”.

N. Cəfərov sözünə davam edərək bildirdi: “Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqa məxsusluğun, milli yaddaşın və müstəqillik şüurunun daşıyıcısıdır deyən Prezidentimizin bildirdiyi  kimi, dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq. Bu prosesdə isə yazıçılarımız, alimlərimiz, müəllimlərimizin öhdəsinə çox böyük vəzifələr durur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”