17 aprel 2026 13:25
183

AQC qiymətləndiricilərin hüquqlarını pozan hallara qarşı mübarizə aparacaq – Nail Həşimov

“AQC tərkibində Azərbaycan Qiymətləndiricilər Palatasının problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi departament yaradılacaq.”

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında AQC İdarə Heyəti sədrinin müavini Nail Həşimov deyib. Onun sözlərinə görə, bu barədə AQC İdarə Heyətinin iclasında qərar qəbul edilib.

“Son günlər Palata tərəfindən qiymətləndiricilərlə qeyri-rəsmi görüşlər keçirilir və onlara ictimai fəaliyyətin qadağan edilməsi ilə bağlı xəbərdarlıq olunur. Xüsusilə də AQC sıralarında olan şirkət rəhbərləri və qiymətləndiricilər bu təzyiqlərə məruz qalır. Onların qarşısında qoyulan əsas tələb ‘ya AQC, ya biz’dir. Təzyiqlərin əsas motivi isə qiymətləndirmə hesabatlarında ‘səhvlərin’ aşkarlanacağı və ardıcıl töhmətlər verilərək qiymətləndiricilərin AQP sıralarından xaric olunacağıdır. Bu isə qanunvericiliklə qiymətləndirmə fəaliyyətini məhdudlaşdırır.”

Sədr müavini bildirib ki, hakimlər yeni qaydalara əsasən qiymətləndiricilərdən Palatanın QR kodunu tələb edə bilməz: “AQC-nin təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurası və AKİA QR kod tələbini ləğv edib. İş bölgüsünə gəldikdə isə Palata işverən qurum deyil. ‘Qiymətləndirmə fəaliyyəti haqqında’ Qanunun 9.2-ci maddəsinə görə, yalnız məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirici şirkətlə bağlı tərəflər razılığa gəlmədikdə məhkəmə bunu Palataya həvalə edə bilər. Digər hallarda isə Palatanın iş bölgüsü aparmaq və qiymətləndirici təyin etmək səlahiyyəti yoxdur. Məhz buna görə də QR kod tələbi qanunsuzdur.”

Nail Həşimov onu da əlavə edib ki, bununla bağlı AQC-yə çoxsaylı şikayətlər daxil olub: “Cəmiyyət olaraq bütün qiymətləndiricilərin yanındayıq və onların hüquqlarının qorunması üçün fəaliyyətimiz davam edəcək. Süni əngəllərlə qarşılaşan AQC üzvləri və ümumiyyətlə bütün qiymətləndiricilər yeni yaradılacaq departamentə müraciət edə bilərlər.”