15 aprel 2026 20:48
161

Sahibə Qafarova: WUF13-ə ev sahibliyi Azərbaycanın birgə səyləri birləşdirmək bacarığına göstərilən etimaddır

COP29-a uğurla ev sahibliyi etdikdən sonra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi Azərbaycanın ümumi çağırışlar qarşısında birgə səyləri birləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürüdür.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında deyib.

2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edildiyini xatırladan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan şəhərsalma sahəsində zəngin təcrübəyə malikdir:

"Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəllər işğal altında olmuş və tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və bərpa layihələrini həyata keçirir. Həmin ərazilərdə yeni yaşayış məntəqələri, nəqliyyat, enerji və iqtisadi infrastruktur qabaqcıl şəhərsalma prinsipləri əsasında qurulur və burada "yaşıl enerji zonası", "ağıllı şəhər" və "sıfır tullantı" kimi innovativ konsepsiyalar tətbiq olunur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunmuş üç milli şəhər forumu təcrübə və yeni təşəbbüslərin paylaşılması üçün mühüm platforma rolunu oynayıb və bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verib".

Sədr qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq:

"Bu tədbirdə son onilliyə nəzər salınacaq və 2036-cı ilə qədər prioritetlər müəyyənləşdiriləcək".

Sahibə Qafarova bütün üzvləri Forumun gündəliyində fəal iştirak etməyə və sürətli urbanizasiya ilə bağlı problemlərin həllində onun nəticələrini diqqətlə nəzərdən keçirməyə çağırıb.