Regional və beynəlxalq miqyasda sülh gündəliyinə böyük töhfələr verən, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təminatçısına çevrilən Azərbaycanın təcrübəsi anlaşma və dialoq, qarşlıqlı hörmət və fikir mübadiləsi əsasında münqaşilərin həll edilməsi üçün əvəzsiz nümunədir
Dünyada baş verən dağıdıcı müharibələrin, davamlı münaqişələrin, uğursuz sülh danışıqlarının, iqtisadi-siyasi böhranların və etimadsızlığın fonunda Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində ciddi addımlar atan Azərbaycan həm regional, həm də beynəlxalq miqyasda sülh gündəliyinə böyük töhfələr verir. Rəsmi Bakı daim bölgədə və dünyada müharibələrin deyil, sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin tərəfdarı olduğunu bəyan edir.
Prezident İlham Əliyev daim vurğulayır ki, sülh inkişaf, tərəqqi, rifah deməkdir: “Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr- quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanıb”.
Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində 30 illik işğala son qoydu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Birgünlük lokal antiterror tədbirləri ilə Azərbaycanın tam suverenliyi təmin olundu. Vətən müharibəsindəki tarixi Qələbə dövlətimizin başçısının güclü siyasi iradəsi, prinsipial mövqeyi, dəqiq hədəflərə əsaslanan startegiyası sayəsində diplomatik masada möhkəmləndirilərək legitimləşdirildi. Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən 2022-ci ildə Praqa danışıqlarında da layiqincə qorundu. 2022-ci il oktyabrın 6-da qəbul edilən Praqa Bəyanıtına əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı, bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o demək idi ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Ermənistan Qarabağdan rəsmən imtina etdi.
2025-cı il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə edilən razılaşmalar, tərəflərin sülh sazişinin mətnini paraflaması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını nümayiş etdirdi. Bu reallığın əsas xüsusiyyətlərindən biri isə regionda sülh və əməkdaşlıq dövrünün başlamasıdır. Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 30 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələndi. Bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addım oldu.
Vətən müharibəsindəki şanlı Zəfəri ilə ərazi bütövlüyüni, suverenliyini bərpa edən tərəf kimi mövqelərini gündən-günə möhkəmləndirən, iqtisadi gücü, çoxvektorlu xarici siyasəti ilə beynəlxalq müstəvidə rolunu artıran Azərbaycan hazırda Cənubi Qafqazda sülhün, əməkdaşlığın təminatçısına çevrilib. Artıq Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra regionda sülh və etimad mühitinin formalaşdırılması istiqamətində mühüm bir mərhələ başlayıb. Son zamanlar İrəvanda və Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masaların keçirilməsi bu istiqamətdə adtılan ilkin addımların əyani təsdiqidir. Təbii ki, bu görüşlər yalnız siyasi deyil, ictimai səviyyədə də etimad quruculuğunun vacibliyini göstərir.
Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq, regionda sülh və sabitliyin təmin edilməsi, kommunikasiyaların açılması və ticarət əlaqələrinin qurulması məsələləri davamlı olaraq müzakirə edilir. 2025-ci il Vaşinqton görüşündən sonra tərəflər arasında ticarət əlaqələri qurulub. Azərbaycan Ermənistana neft məhsulları göndərib və üçüncü ölkələrdən Azərbaycandan keçməklə Ermənistana taxıl və digər məhsullar yola salınıb. Ermənistana neft məhsullarının ixracı, yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması və s. Azərbaycanın sülhə sadiqliyini əməli fəaliyyəti ilə doğrultduğunu nümayiş etdirir.
Bütün bunların fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də “Ermənistan tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olur, bu, Ermənistanla Azərbaycan arasında formalaşmış sülh prosesi nəticəsində mümkün olur” deməsi xüsusilə diqqəti çəkir: “Bu gün də Ermənistan blokadanı müəyyən dərəcədə aradan qaldırıb, çünki bildiyiniz kimi, Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yükdaşımaları həyata keçirmək mümkündür və davam edir. Onu da deyim: siyasi razılaşma var, ixracın da dəmir yolu ilə həyata keçirilməsi mümkündür, əlbəttə, Gürcüstan ərazisi vasitəsilə-biz Azərbaycanla TRIPP layihəsi çərçivəsində dəmir yolunu açana qədər. Bu isə çox vacibdir. Çünki 30 il ərzində formalaşmış logistika zəncirləri mövcuddur, onların dəyişməsi üçün əvvəlcə etimad lazımdır. İnsanlar deyilənlərin nə dərəcədə davamlı və etibarlı olduğunu anlamalıdırlar. İkincisi, logistika zəncirləri dəyişməlidir, çünki yük maşını ilə düşünmək ayrı şeydir, vaqonla düşünmək isə tamam başqa”.
Bütün bunların fonunda əminliklə demək olar ki, regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərpa olunması istiqamətində əməli adımları ilə böyük nailiyyətlər əldə edən Azərbaycanın təcrübəsi anlaşma və dialoq, qarşlıqlı hörmət və fikir mübadiləsi əsasında münaqişələrin həll edilməsi üçün əvəzsiz nümunədir.
Zahid Rza, “İki sahil”