10 aprel 2026 00:36
144

Qısa vaxt, böyük fayda

Təbiətdə cəmi 15 dəqiqə vaxt keçirməyin təsiri açıqlanıb

Yeni araşdırma göstərir ki, gün ərzində təbiətdə cəmi 15 dəqiqə vaxt keçirmək belə şəhər sakinlərinin psixoloji vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.

ABŞ-ın Stanford Universitetinin alimləri tərəfindən aparılan və “Nature Cities” jurnalında dərc olunan tədqiqatda qeyd olunub ki, təbiətlə qısamüddətli təmas belə depressiya və həyəcan pozuntusu (anksiyete) kimi problemlərin azalmasına kömək edir. Araşdırmanın nəticələri bunu “ruhi sağlamlıq üçün ən effektiv həll yolu” kimi qiymətləndirir. Tədqiqat çərçivəsində təxminən 5 900 nəfər üzərində aparılan analizlər göstərib ki, müsbət təsir üçün fiziki aktivlik mütləq deyil. Yaşıllıq ərazilərdə sadəcə oturmaq və ya sakit vaxt keçirmək belə, aktiv fəaliyyətlə müqayisədə daha güclü psixoloji rahatlama yarada bilər.

Alimlərin sözlərinə görə, şəhər mühitində mövcud olan istənilən yaşıl sahə psixoloji sağlamlıq üçün faydalıdır. Bununla belə, depressiya və narahatlıq səviyyəsinin azaldılmasında rol oynayan ən effektiv məkanlar şəhərlərdəki yaşıllıqlar hesab olunur. Araşdırma, həmçinin göstərib ki, gənc yetkinlər bu təsirlərdən daha çox fayda görürlər. Mütəxəssislər bunu bir çox psixoloji problemlərin 25 yaşdan əvvəl ortaya çıxması ilə əlaqələndirirlər.

Böyük Britaniyanın statistikalarına əsasən, əhalinin 80 faizdən çoxu şəhərlərdə yaşayır və bu göstəricinin artacağı gözlənilir. Bu baxımdan tədqiqatçılar şəhərsalma siyasətində yaşıl zonaların artırılmasının vacibliyini vurğulayırlar. Alimlərin qənaətinə görə, parkların və şəhərdəki yaşıllıqların artırılması ilə yanaşı, kiçik parkların yaradılması və küçələrdə daha çox ağac əkilməsi də insanların ruhi sağlamlığına müsbət təsir göstərə bilər. Bununla yanaşı, yaşıl sahələr temperaturun aşağı salınması və karbonun udulması kimi əlavə ekoloji üstünlüklər də təmin edir.

Tədqiqatın müəlliflərindən biri olan Lingjie Li qeyd edib ki, bu istiqamətdə aparılan modellər şəhərlərdə yaşıl sahələrin artırılmasının nə qədər psixoloji problemlərin qarşısını ala biləcəyini və səhiyyə xərclərini azaldacağını göstərməyə kömək edəcək.

Şahnigar Əhmədova, “İki sahil”