10 aprel 2026 01:25
125

Yalnızlıq sağlamlıq üçün təhlükəlidir?

Alimlər sosial əlaqələrin əhəmiyyətini açıqlayıblar

ABŞ-dan olan neyroelmçi Ben Rein sosiallaşmanın müasir dövrdə getdikcə daha çox “lüks” kimi qəbul edildiyini, lakin həm psixoloji, həm də fiziki sağlamlıq üçün həyati əhəmiyyət daşıdığını bildirib. O, BBC-yə açıqlamasında qeyd edib ki, insanlar başqaları ilə əlaqə qurduqda beynin “mükafat sistemi” işə düşür və bu, insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur. Sosiallaşma zamanı oksitosin, dopamin və serotonin kimi neyrotransmitterlərin ifraz olunduğu vurğulanır.

Mütəxəssisin sözlərinə görə, bu mexanizm təkamül prosesinə əsaslanır. Keçmişdə insanların qrup halında yaşaması onların sağ qalması üçün vacib idi və bu səbəbdən sosial əlaqələr beyin tərəfindən müsbət şəkildə “mükafatlandırılır”. Ben Rein əlavə edib ki, xüsusilə oksitosin hormonunun orqanizmə bir sıra müsbət təsirləri var. Bu maddə iltihabı azalda, sinir hüceyrələrini qoruya, immun sistemini gücləndirə və stresi aşağı sala bilər.

Araşdırmalar göstərir ki, sosial təcrid insan sağlamlığı üçün ciddi risklər yaradır. Uzun müddət insanlarla ünsiyyətin olmaması həyəcan pozuntusu (anksiyete), depressiya və hətta intihar riskini artırır. Bəzi tədqiqatların nəticələrinə görə, sosial izolyasiya ölüm riskini 32 faizədək yüksəldə bilər.

Mütəxəssislər bildirirlər ki, təcrid birbaşa ölümə səbəb olmasa da, orqanizmdə stress hormonu olan kortizolun səviyyəsini artıraraq ürək xəstəlikləri, diabet və demensiya kimi problemlərin yaranma ehtimalını yüksəldir. Uzunmüddətli stress isə xroniki iltihaba səbəb olaraq sağlam toxumalara zərər verə bilər.

Alimlər sosiallaşmanın azalmasının səbəbləri arasında gündəlik həyatın getdikcə daha çox avtomatlaşdırılmasını göstərirlər. Məsələn, özünəxidmət kassaları və onlayn alış-veriş insanların üz-üzə ünsiyyət imkanlarını azaldır. Eyni zamanda, COVID-19 pandemiyasının da sosial davranışlara uzunmüddətli təsir göstərdiyi bildirilir. Pandemiya dövründə artan təcrid insanların daha az ünsiyyətə alışmasına səbəb olub və bu vərdiş pandemiyadan sonra da davam edir.

Mütəxəssislər sosial əlaqələrin qorunmasının həm ruhi, həm də fiziki sağlamlıq üçün vacib olduğunu vurğulayaraq, insanların gündəlik həyatda ünsiyyət imkanlarını artırmasının əhəmiyyətinə diqqət çəkirlər.

Şahnigar Əhmədova, “İki sahil”