Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda adi diqqətsizlik kimi qiymətləndirilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirirlər. Xüsusilə təkrarlanan, artan və gündəlik həyata təsir etməyə başlayan unutqanlıqların normal hal kimi qəbul edilməməsi tövsiyə olunur.
Türkiyəli nevroloq Hasan Armağan Uysal normal və xəstəliyə bağlı unutqanlıq arasındakı fərqi izah edərək bildirib ki, gündəlik xırda unutqanlıqlar, məsələn, açarın yerini xatırlamamaq və ya bir adı yada sala bilməmək adətən təhlükəli deyil. Onun sözlərinə görə, normal unutqanlıq halında informasiya itmir, sadəcə ona çıxış gecikir. Lakin xəstəliyə bağlı hallarda məlumat tamamilə yaddaşdan silinir və insan eyni sualları təkrar-təkrar verə, hadisələri yenidən yaşayırmış kimi danışa bilər.
Mütəxəssis vurğulayıb ki, unutqanlığın gündəlik həyata təsir etməsi artıq xəbərdarlıq siqnalıdır. Tanış məkanda yolu azmaq, maliyyə işlərində çətinlik çəkmək, yemək hazırlayarkən mərhələləri unutmaq və ya özünü ifadə edərkən söz tapmaqda ciddi çətinlik yaşamaq kimi hallar diqqətdən kənarda qalmamalıdır.
Uysal qeyd edib ki, Alzheimer xəstəliyi adətən gizli şəkildə başlayır və ilkin mərhələdə yeni məlumatları yadda saxlamaqda çətinlik çəkməklə özünü göstərir. Xəstələr tez-tez eyni sualları təkrarlayır, görüşləri unudur və əşyaları qeyri-adi yerlərə qoyurlar. Zamanla isə istiqamət tapmaqda, qərar verməkdə və gündəlik həyatın təşkilində problemlər yaranır. Bununla yanaşı, mütəxəssis hər unutqanlığın ciddi nevroloji xəstəlikdən xəbər vermədiyini də qeyd edib. Xüsusilə gənclərdə unutqanlığın əsas səbəbləri arasında yuxusuzluq, stress, həyəcan pozuntusu (anksiyete), depressiya və həddindən artıq informasiya yükü göstərilir. Onun sözlərinə görə, yaddaş diqqətlə birbaşa əlaqəlidir və diqqət pozulduqda insan özünü daha unutqan hiss edir.
Həkim əlavə edib ki, unutqanlıq artarsa, davranış dəyişiklikləri ilə müşayiət olunarsa və ya yaxınlar tərəfindən də müşahidə edilərsə vaxt itirmədən müayinə aparılmalıdır. Erkən diaqnozun xəstəliyin gedişinə nəzarətdə mühüm rol oynadığı vurğulanır.
Uysalın sözlərinə görə, beyin sağlamlığının qorunmasında həyat tərzi də mühüm əhəmiyyət daşıyır. Müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, sosial əlaqələr, yeni biliklərin öyrənilməsi və ümumi sağlamlıq göstəricilərinin nəzarətdə saxlanılması yaddaşın güclənməsinə kömək edir.
Mütəxəssis sonda qeyd edib ki, bəzi hallarda, məsələn, depressiya, vitamin çatışmazlığı və ya yuxu pozuntuları zamanı unutqanlıq geriyə qayıda bilər. Lakin Alzheimer kimi xəstəliklərdə tam sağalma mümkün olmasa da, düzgün müalicə ilə prosesin ləngidilməsi və həyat keyfiyyətinin artırılması mümkündür.
Şahnigar Əhmədova, “İki sahil”